
Bakı. Trend:
“SOCAR Petroleum” QSC Xəzər dənizinin akvatoriyasında “gəmidən
gəmiyə” üsulu ilə yanacaq təchizatı (bunkerləmə) əməliyyatlarına
başladığını elan edib.
Trend bu
barədə şirkətə istinadən xəbər verir.
Bildirilib ki, bu addım şirkətin inkişafında yeni mərhələ
olmaqla yanaşı, Azərbaycanın dəniz logistikasında və yanacaq
təchizatı sahəsində mövqeyini daha da gücləndirir. “Gəmidən gəmiyə”
(ship-to-ship) üsulu ilə həyata keçirilən ilk bunkerləmə əməliyyatı
beynəlxalq standartlara uyğun olaraq uğurla reallaşdırılıb.
“Bu yanaşma gəmilərin limana daxil olmadan operativ şəkildə
yanacaqla təmin olunmasına imkan yaradır və xidmətin səmərəliliyini
əhəmiyyətli dərəcədə artırır. Uğurlu start şirkətin yüksək
əməliyyat hazırlığını və peşəkar kompetensiyasını, eləcə də bütün
proseslərin beynəlxalq tələblərə uyğun icra olunduğunu bir daha
təsdiqləyib. Gələcək mərhələdə “SOCAR PETROLEUM” bunkerləmə
əməliyyatlarının genişləndirilməsini, yüksək keyfiyyətli DMA, IFO,
VLSFO və MGO (ISO 8217) standartına uyğun dəniz yanacağının
tətbiqini və təchizat infrastrukturunun inkişafını planlaşdırır. Bu
fəaliyyət istiqamətinin başlanması Xəzər regionunda dəniz
infrastrukturunun inkişafına mühüm töhfə verməklə bərabər,
Azərbaycanın beynəlxalq nəqliyyat və enerji dəhlizlərində rolunu
gücləndirir, həmçinin ölkənin tranzit potensialının artmasına əlavə
imkanlar yaradır. Qeyd edək ki, bunkerləmə əməliyyatı dənizçilik
terminologiyasında gəmilərin hərəkətini və daxili sistemlərinin
işləməsini təmin etmək üçün onlara yanacaq və sürtkü yağlarının
vurulması prosesidir. Bu proses texniki icra üsuluna görə
“gəmidən-gəmiyə” və “sahildən-gəmiyə” olmaqla reallaşdırılır”, –
məlumatda qeyd edilib.

