
Bakı. Trend:
1 milyondan çox “Kapital Bank” müştərisi ictimai nəqliyyatda NFC
ödənişlərdən istifadə edir.
Trend xəbər verir ki, bunu “Kapital Bank”ın İdarə Heyəti
sədrinin birinci müavini Cavid Mirzəyev bu gün təmsil etdiyi bankın
2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair
keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, bank 2025-ci ildə aidiyyatı dövlət qurumları və
Bakı Kart-la əməkdaşlıq edərək oktyabr ayından etibarən ictimai
nəqliyyatda ödənişlərin rəqəmsallaşmasını təmin edib. “Xüsusən qeyd
edim ki, bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün
bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də
təmassız ödəniş imkanı yaradır. Rəqəmlərlə danışsaq
müştərilərimizin 1 milyondan çoxu bu həlldən istifadə edir. Bu isə
bazar payının 55%-ni təşkil edir”.

