
Bakı. Trend:
WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsində əldə
etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək
qiymətləndirilməsinin göstəricisidir.
Trend xəbər
verir ki, bunu MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov bu gün
Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən
“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun
açılışı zamanı bildirib.
“COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli
sübut etdi ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal
çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir. İnanırıq
ki, WUF13 zamanı da oxşar nailiyyətlərimiz təkrarlanacaq və daha
böyük peşəkar uğurlara imza atacağıq.
Heydər Əliyev Fondunun təşəbbüsləri sayəsində İçərişəhər və Qız
qalası kimi nadir incilərimiz UNESCO-nun Dünya İrsi Siyahısında
layiqli yerini möhkəmləndirib. Paytaxtımızın müasir simasına
çevrilən möhtəşəm mədəniyyət mərkəzləri və ictimai parklar məhz bu
nəcib yanaşmanın və milli mədəniyyətimizə olan yüksək qayğının
nəticəsidir”, – deyə o, bildirib.

