
Bakı. Trend:
Mayın 2-də Lənkəran şəhərinin sakinləri və qonaqları arasında
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə
məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
Trend-in
məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh
Qaraşovun, rəsmi şəxslərin və şəhər ictimaiyyətinin iştirakı ilə
tədbir keçirilib.
İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər,
maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr
vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti,
innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş
auditoriyaya çatdırılıb.
Həmçinin, WUF13 və şəhərsalma mövzularında, eləcə də Lənkəranın
memarlıq abidələri barədə suallar təqdim olunaraq iştirakçılar
arasında müsabiqələr təşkil edilib. Düzgün cavab verənlərə
hədiyyələr təqdim edilib.
9000-dən çox iştirakçının qatıldığı proqram böyük maraqla
qarşılanıb.

