
Bakı.Trend:
Qlobal oyun sənayesinin 2030-cu ilə qədər 500 milyard dollar
dəyərə çatacağı proqnozlaşdırılır və belə bir dövrdə yeni inkişaf
edən texnoloji mərkəzlərə diqqət artmaqdadır. Bu kontekstdə
Azərbaycanda rəqəmsal ekosistemin qurulması və innovativ
texnologiyaların tətbiqi ölkənin regionda liderə çevrilməsi üçün
möhkəm zəmin formalaşdırır.
Son illərdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı
istiqamətində həyata keçirilən strateji siyasət Azərbaycanın
texnoloji və innovasiya potensialının artırılmasına mühüm dəyər
qazandırır. Xüsusilə startapların və yaradıcı iqtisadiyyatın
dəstəklənməsi innovasiya ekosisteminin quruculuğu üçün atılan ciddi
addımlardır. Yaradıcı iqtisadiyyatın inkişafında oyun sənayesinin
əhəmiyyəti də vurğulanmalıdır. Son bir neçə ildə Azərbaycanda oyun
studiyalarının sayında ciddi artım müşahidə edilir. Hazırda
ölkəmizdə 60-dan çox oyun tərtibatı ilə məşğul olan studiya
fəaliyyət göstərir və onların bir çoxu qlobal bazarlarda tanınmağı
hədəfləyir.
Təbii ki, ölkədəki oyun ekosisteminin dinamik yüksəlişi “Xsolla”
kimi aparıcı qlobal şirkətlərin də diqqətini cəlb edir. “Xsolla”
dünya miqyasında tanınmış və oyun sənayesi üçün kommersiya həlləri
yaradan platformadır. Qlobal oyun sənayesindəki tranzaksiyaların
70%-dən çoxu məhz bu platforma üzərindən həyata keçirilir. Şirkət
2024-cü ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə
əməkdaşlığa başlayıb. Bu, şirkət tərəfindən Azərbaycanın rəqəmsal
potensialının yüksək qiymətləndirilməsi və regional əməliyyatlar
üçün Azərbaycanın məkan olaraq seçilməsi deməkdir.
“Anews” kanalının “World Business” proqramında müsahibə verən
“Xsolla” şirkətinin prezidenti Kris Huiş şirkətin qlobal
strategiyası və regiondakı planlarından danışıb. Müsahibə zamanı o,
Azərbaycanın texnoloji mənzərəsinin necə dəyişdiyini və ölkəmizin
regional oyun ekosistemində rolunu xüsusi vurğulayıb.
Kris Huiş qeyd edib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu
böyük potensiala malikdir və Azərbaycan bu kontekstdə ön sıralarda
yer alır. Onun sözlərinə görə, təkcə bu il Azərbaycanın oyun
sənayesi bazarından əldə olunan gəlirin 220 milyon ABŞ dollarını
keçəcəyi proqnozlaşdırılır.
O həmçinin Azərbaycandakı inkişafın bir neçə faktorla bağlı
olduğuna diqqət çəkib: “Birincisi, bu ölkədə heyrətamiz
istedadların olduğunu deməliyəm. Oyun sənayesinin həm
tərtibatçılıq, həm də biznes tərəfini mənimsəyən və inanılmaz
dərəcədə savadlı və motivasiyalı insan kapitalının olduğunu
görürük”.
Bundan əlavə, Kris Huiş bildirib ki, oyun sənayesinin inkişafı
həm də dövlət tərəfindən bu sahəyə göstərilən diqqətin nəticəsidir:
“Oyun sənayesi Azərbaycanda ciddi təşəbbüslərlə dəstəklənir. Biz
görürük ki, Azərbaycanın rəhbərliyi ölkənin rəqəmsal iqtisadiyyata
keçidi üçün qərarlı addımlar atır. Eyni zamanda, biz İRİA və nazir
Rəşad Nəbiyevin rəhbərlik etdiyi komandadan böyük dəstək almışıq.
Təbii ki, yaradılan imkanlar bizim bu ölkədə fəaliyyətimizin
genişləndirilməsinə müsbət təsir göstərir”.
Müsahibəyə aşağıdakı link vasitəsilə keçid etmək mümkündür:

