
Bakı. Trend:
Azərbaycan və Vyetnam arasında kino və mədəniyyət sahəsində
əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Trend xəbər verir
ki, müzakirələr Vyetnamda Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Vyetnamın Mədəniyyət,
idman və turizm nazirinin müavini Ta Kuanq Donq və digər rəsmi
şəxslərlə görüşləri zamanı baş tutub.
Vyetnam tərəfi mədəni və humanitar əməkdaşlığın ikitərəfli
münasibətlərin inkişafında əsas amillərdən biri olduğunu
vurğulayaraq, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində və
qarşılıqlı anlaşmanın dərinləşdirilməsində kinonun rolunu qeyd
edib.
Azərbaycanlı rejissor Əjdər İbrahimovun irsinə xüsusi diqqət
yetirilib. Onun Vyetnamdakı fəaliyyəti ölkənin milli
kinematoqrafiyasının inkişafına və iki dövlət arasında mədəni
əlaqələrin gücləndirilməsinə mühüm töhfə verib.
Azərbaycan tərəfi birgə mədəni təşəbbüslərin, o cümlədən
kinolayihələrin, mübadilə proqramlarının və gənclər üçün təhsil
layihələrinin genişləndirilməsi potensialını qeyd edib.
Tərəflər kino sahəsinin mədəni əməkdaşlığın dərinləşdirilməsi və
ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üçün böyük
potensiala malik olduğu qənaətinə gəliblər.

