
Bakı. Trend:
Mayın 6-da Sumqayıt Dövlət Universitetinin (SDU) yeni təyin
olunmuş rektoru Nurəli Yusifbəyli universitet kollektivinə təqdim
edilib.
Trend xəbər
verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Məlumata görə, Nurəli Yusifbəylinin SDU-ya rektor təyin olunması
haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamını tədbir
iştirakçılarının diqqətinə çatdıran elm və təhsil nazirinin müavini
İdris İsayev rektoru təbrik edib, ona fəaliyyətində uğurlar
arzulayıb.
İdris İsayev çıxışında ölkədə təhsil sahəsində həyata keçirilən
islahatlardan bəhs edərək bildirib ki, son illər ali təhsil
sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması,
universitetlərin maddi-texniki bazasının gücləndirilməsi,
elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və rəqəmsallaşmanın
tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunub ki, həyata
keçirilən bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan ali təhsil
müəssisələrinin rəqabət qabiliyyəti artır, gənclərin keyfiyyətli
təhsilə çıxışı genişlənir və insan kapitalının inkişafı təmin
olunur.
Çıxış edən rektor Nurəli Yusifbəyli göstərilən etimada görə
təşəkkürünü bildirib, bu vəzifənin məsuliyyətini vurğulayıb.
Tədbirdə həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin
direktor müavini Əminağa Sadıqov çıxış edərək yeni rektoru təbrik
edib və ona uğurlar arzulayıb.

