Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK)
Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin nümayəndə
heyəti ilə görüş keçirilib.

Bu barədə Trend-ə AHİK-dən məlumat verilib.

Bildirilib ki, konfederasiyanın sədri Sahib Məmmədov Azərbaycan
və Türkmənistan arasında dostluq və əməkdaşlıq münasibətlərindən
bəhs edib, dövlət başçılarının siyasi iradəsi nəticəsində
ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq
səviyyəsinə yüksəldiyini vurğulayıb. O bildirib ki, bu,
ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrin inkişafı
üçün geniş imkanlar yaradır. Son illərdə bu əlaqələr daha da
genişlənib, qarşılıqlı səfərlər həyata keçirilib, fikir və təcrübə
mübadiləsi aparılıb.

Görüşdə AHİK tərəfindən əmək hüquqlarının etibarlı müdafiəsi,
üzvlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və
innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlər,
yollayış sisteminin rəqəmsallaşdırılması, sanatoriya-kurort
xidmətlərinin modernləşdirilməsi barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, bu təşəbbüslər həmkarlar ittifaqları sistemində
səmərəliliyin artırılmasına xidmət edir.




Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri
Oğulcənnət Berdiliyeva ölkəsində həmkarlar ittifaqlarının
fəaliyyətindən, əmək hüquqlarının qorunması və həmkarlar
ittifaqları üzvlərinin sosial müdafiəsi sahəsində görülən işlərdən
bəhs edib, Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin
gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşün yekununda Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası ilə Türkmənistan Milli Həmkarlar İttifaqları
Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd iki qurum
arasında əlaqələrin institusional əsasda inkişafını, birgə təşəbbüs
və layihələrin dəstəklənməsini, eləcə də qarşılıqlı faydalı
əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Səfər çərçivəsində Türkmənistan nümayəndə heyəti AHİK-in
“Kurort” Turizm İnformasiya Mərkəzinin, Əməyin Mühafizəsi və Hüquqi
Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olub. Türkmənistan Milli
Həmkarlar İttifaqları Mərkəzinin nümayəndələri həmçinin “Günəşli”
və “Abşeron” sağlamlıq mərkəzlərində, eləcə də “Miras” istirahət
mərkəzində olub, burada göstərilən xidmətlər, müalicə-profilaktik
prosedurlar, infrastruktur və istirahət imkanları ilə
maraqlanıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir