
Bakı. Trend:
Son illərdə Türk Dövlətləri Təşkilatının fəaliyyəti göstərir ki,
türk dövlətləri arasındakı münasibətlər artıq yalnız ortaq tarix və
mədəniyyət amili üzərində qurulmur. Bu əməkdaşlıq modeli tədricən
siyasi, iqtisadi, humanitar və ictimai müstəvidə institusional
xarakter almağa başlayıb.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
İskəndərov bildirib.
Millət vəkili xüsusilə vurğulayıb ki, Prezident İlham Əliyevin
Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri
Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə
səsləndirdiyi fikirlər də məhz bu strateji xəttin davamıdır.
Prezident İlham Əliyevin “Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi
güc mərkəzlərindən birinə çevrilməlidir” mesajı əslində təşkilatın
gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi
tezisdir.
Deputat bildirib ki, Azərbaycanın təşkilata sədrlik etdiyi
dövrdə diqqət çəkən əsas məqamlardan biri əməkdaşlığın yalnız
hökumətlər səviyyəsində deyil, vətəndaş cəmiyyəti institutları
arasında da gücləndirilməsidir:
“Çünki müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin
dayanıqlı inteqrasiyası təkcə siyasi qərarlarla deyil, ictimai
platformaların və humanitar əlaqələrin möhkəmlənməsi ilə mümkün
olur. Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə 2025-ci ilin
noyabrında Bakı və Naxçıvanda keçirilən Türk Dövlətləri Təşkilatına
üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu xüsusi əhəmiyyət
daşıyırdı. Prezident İlham Əliyevin forum iştirakçılarına
ünvanladığı müraciətdə daha iddialı məqsədlərin
müəyyənləşdirilməsi, əməkdaşlığın bütün istiqamətlər üzrə
dərinləşdirilməsi və çevik mexanizmlərin formalaşdırılması ilə
bağlı çağırışları türk dünyasının gələcək inkişaf konsepsiyasını
ortaya qoyurdu”.
V.İskəndərovun sözlərinə görə, sslində bu gün baş verən
proseslər artıq yeni bir inteqrasiya modelinin formalaşdığını
göstərir:
“İlk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT
Platformasının yaradılması və platformanın rəhbərliyinin
Azərbaycana həvalə olunması təsadüfi deyil. Platformanın daimi
qərargahının Bakıda yerləşməsi də Azərbaycanın türk dünyasının
ictimai diplomatiya mərkəzinə çevrildiyini nümayiş etdirir. Son
yeddi ayda ikinci dəfə türk dövlətlərinin QHT nümayəndələrinin
Azərbaycanda toplaşması Bakının artıq koordinasiyaedici mərkəz kimi
qəbul olunduğunu təsdiqləyir”.
Deputat əlavə edib ki, 2026-cı il mayın 16-da Bakıda keçirilən
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik
Forumu da bu baxımdan mühüm siyasi və ictimai hadisədir:
“Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı və Türk Dövlətləri
Təşkilatına üzv ölkələrin QHT Platformasının tərəfdaşlığı ilə
keçirilən forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və
Macarıstandan nümayəndələrin iştirakı əməkdaşlığın geniş
coğrafiyasını nümayiş etdirdi. Forum çərçivəsində WUF13 tədbirinin
türk dünyasında ilk dəfə keçirilməsinin xüsusi vurğulanması da
Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir.
Diqqət çəkən başqa mühüm məqam isə forum çərçivəsində ilk dəfə
Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan və
Azərbaycan-Şimali Kipr QHT-lərinin əməkdaşlıq platformalarının
yaradılmasıdır. Bundan əvvəl Türkiyə, Özbəkistan və Qazaxıstan ilə
keçirilmiş əməkdaşlıq forumları artıq ortaq fəaliyyət mexanizminin
formalaşdığını göstərirdi. Bu təşəbbüslər gələcəkdə türk
dövlətlərinin QHT-lərinin BMT və digər beynəlxalq platformalarda
daha koordinasiyalı fəaliyyətinə ciddi təkan verəcək”.
Parlamentari qeyd edib ki, Azərbaycan yalnız siyasi
inteqrasiyanı deyil, türk xalqlarının ortaq mədəni və elmi irsinin
qorunmasını da prioritet hesab edir:
“Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100
illiyi ilə bağlı sərəncamı və iyun ayında Bakıda keçiriləcək “Türk
dünyası həftəsi” bunun bariz nümunəsidir. Bu təşəbbüs türk
dünyasının ortaq kimliyinin daha da möhkəmləndirilməsi baxımından
mühüm tarixi mərhələ olacaq”.

