
Bakı. Trend:
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral
Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” uğurla başa çatıb.
Bu barədə Trend-ə Azərbaycan Atçılıq Federasiyasından məlumat
verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yüksək
diqqəti və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağ atlarının
qorunması və dünya miqyasında tanınması istiqamətində mühüm işlər
görülüb, əhəmiyyətli addımlar atılıb.
“Görülmüş məqsədyönlü tədbirlərdən biri də qədim və unikal
mədəniyyətimizin təbliği üçün olduqca əhəmiyyətli platformaya
çevrilən və 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı “Vindzor
Kral Atçılıq Şousu”nda Azərbaycanın layiqincə tanıdılmasıdır”, –
məlumatda qeyd olunub.
Qeyd olunub ki, Dövlət Sərhəd Xidmətinin (DSX) süvarilər dəstəsi
və rəqs ansamblı Azərbaycanı “Vindzor Kral Atçılıq Şousu”nda
növbəti dəfə uğurla təmsil edib, göstərdikləri performansları,
qədim tarix və milli geyimləri əks etdirən çıxışları ilə
tamaşaçıların diqqətini cəlb etməyi bacarıblar.
Tədbir zamanı milli musiqi alətlərində səslənən musiqilər, “Sərhədçi” rəqs ansamblının enerji dolu rəqsləri və DSX-nin
süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi
igidlik və cəsarət nümunələri Böyük Britaniya tamaşaçısının
rəğbətini qazanıb.
“Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizin zəngin mədəniyyətini
əks etdirən sənət nümunələri təqdim edilib, Heydər Əliyev Fondunun
təşkil etdiyi və maraqla qarşılanan Azərbaycan pavilyonu barədə
qonaqlara ətraflı məlumat verilib.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən Böyük
Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni
irsinin və əsrlər boyu formalaşmış yüksək sənət ənənələrinin
ifadəsi kimi Şirvan xalçası və Faik Hacıyevin əsəri olan “Dilbaz
atı üzərində Azərbaycan döyüşçüsü” heykəli hədiyyə edilib.
Tədbirin yekununda “Land of Fire – Azerbaijan” polo komandasının
Böyük Britaniyanın Vindzor şəhərini təmsil edən “Guards” polo
komandası ilə dostluq görüşü keçirilmiş və görüş təmsilçimizin 7-5
hesablı qələbəsi ilə başa çatıb.

