“AzərEnerji” və “Azərişıq” WUF13-də iki nəşrin təqdimatını keçirib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13)
çərçivəsində təşkil olunan beynəlxalq sərgidə birgə iştirak edən
“AzərEnerji” və “Azərişıq” ASC-lər Azərbaycanın müasir enerji
infrastrukturunu, dayanıqlı inkişaf strategiyasını və enerji
sistemində həyata keçirilən rəqəmsal transformasiya layihələrini
nümayiş etdirirlər.

Trend xəbər
verir ki, forum çərçivəsində “AzərEnerji” tərəfindən hazırlanan
“Azərbaycan enerjisisteminin arxitekturası” və “Azərişıq” ASC-nin
ərsəyə gətirdiyi “Şəbəkə memarlığı” kitablarının təqdimatı
keçirilib.

Təqdim olunan nəşrlərdə Azərbaycanın enerji sisteminin
formalaşma mərhələləri, müasir texnoloji yanaşmalar, innovativ
həllər və gələcək inkişaf istiqamətləri əksini tapıb.

“AzərEnerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış
İnstitutu MMC-nin direktoru Asif Həşimov təqdimat mərasimində
bildirib ki, hazırda Bakıda planetin ən aktual məsələlərindən biri
olan urbanizasiya mövzusu müzakirə olunur.

O qeyd edib ki, BMT-nin ən nüfuzlu beynəlxalq tədbirlərinin
Azərbaycanda keçirilməsi ölkənin artan beynəlxalq nüfuzunun
göstəricisidir.

“Son illər Azərbaycanda enerji təminatı elə bir səviyyəyə çatıb
ki, bunu artıq dünyaya açıq şəkildə nümayiş etdiririk. Biz enerjini
yalnız Azərbaycan üçün deyil, digər ölkələr üçün də bir növ töhfə
kimi təqdim edirik. “AzərEnerji” və “Azərişıq” ASC-lər bu gün
Azərbaycanın beynəlxalq səviyyədə tanınan və öz imzasını
formalaşdıran qurumlarındandır”, – deyə A.Həşimov vurğulayıb.




O bildirib ki, Azərbaycan Zaqafqaziyada ilk dəfə elektrik
enerjisini sənaye miqyasında istehsal edən ölkə olub.

Asif Həşimov çıxışının sonunda qeyd edib ki, “Azərbaycan
enerjisisteminin arxitekturası” və “Şəbəkə memarlığı” kitablarında
əvvəlki nəsillərin və mütəxəssislərin təcrübələrindən də geniş
istifadə olunub. O, nəşrlərin enerji sektorunun inkişaf tarixini və
texnoloji transformasiya mərhələlərini əhatəli şəkildə əks
etdirdiyini bildirib.

Təqdimatda çıxış edən “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar
Mərkəzinin direktoru Araz Məmmədzadə isə kitabları bir növ
foto-hesabat albomu kimi xarakterizə edib.

Onun sözlərinə görə, nəşrlərdə Azərbaycanın elektrik enerjisi
sistemində 2016–2026-cı illər ərzində həyata keçirilən yenidənqurma
və modernizasiya işləri geniş şəkildə təqdim olunub.

Tədbir iştirakçılarına kitablarla yanaşı, qapalı tipli
“Xankəndi” və “Ağ şəhər” yarımstansiyalarının maketləri, eləcə də
enerji infrastrukturu və şəbəkə idarəçiliyini əks etdirən digər
stendlər nümayiş etdirilib.

Sərgidə təqdim olunan layihələr və innovativ həllər ziyarətçilər
tərəfindən böyük maraqla qarşılanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir