
Bakı.Trend:
Siyasi iradə və birgə fəaliyyətin olduğu təqdirdə, biz dünyanın
istənilən yerində insanlar üçün dayanıqlı mənzil həlləri yarada
bilərik.
Trend xəbər verir
ki, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində
keçirilən “Qlobal mənzil böhranı: fəaliyyət planı necə olmalıdır?”
mövzusunda dialoq zamanı etdiyi videomüraciətdə bildirib.
“Bu gecə milyardlarla insan təhlükəli, sağlamlıq üçün zərərli və
ya əlindən alına biləcək evlərdə gecələyəcək. Bütün qitələrdəki
şəhərlərdə insanlar məcburi köçürülmələrlə, yaşayış xərclərinin
sürətlə artması və əlçatan mənzil çatışmazlığı ilə üzləşirlər.
Evsizlərin sayı artır. Genişmiqyaslı inkişaf layihələri milyonlarla
insanın başqa yerlərə köçməsinə səbəb olur. İqlim böhranı ailələri
öz evlərini tərk etməyə məcbur edir və onların gəlir mənbələrini
məhv edir. Münaqişə zonalarında isə insanlar qaçmağa və illərlə son
dərəcə qeyri-sabit şəraitdə yaşamağa məcbur qalırlar”, -deyə o
bildirib.
Türkün sözlərinə görə, mənzil böhranından ən çox yoxsulluq
şəraitində yaşayan insanlar, eləcə də qadınlar və qızlar daxil
olmaqla ən marjinallaşmış əhali qrupları əziyyət çəkir.
“Bərabərsizlik həm ölkələr arasında, həm də ölkələrin daxilində
dərinləşir. Sizlərin çoxu bu reallığı öz şəhər və icmalarınızda
şəxsən görürsünüz”, — deyə o qeyd edib.
Ali komissar vurğulayıb ki, mövcud çağırışların miqyasına
baxmayaraq, həmrəylik, yaradıcı həllər və insan hüquqlarına
sadiqlik sayəsində beynəlxalq ictimaiyyətin buna reaksiya imkanları
genişlənir.
“Bəzi şəhərlər insanları prioritetə çevirən siyasət sayəsində
əhəmiyyətli irəliləyiş əldə edir”, — deyə Türk bildirib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən
forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın
gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları,
ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya
gətirir.

