Regionumuzda kommunikasiya və hekayəçilik insanların şəhər transformasiyasını daha yaxşı anlamasına kömək edir – Ayaz Mirzəyev

Baş səhifə

Bakı. Trend:

Yaşıl sahələrin niyə vacib olduğunu, dayanıqlı şəhər
planlaşdırmasının niyə əhəmiyyət daşıdığını, sosial inklüzivliyin
şəhər inkişafının niyə bir hissəsi olmalı olduğunu və icmaların
qərarvermə prosesinə niyə cəlb edilməli olduğunu izah etmək
lazımdır.

Trend xəbər
verir ki, bunu “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai
Birliyinin sədri Ayaz Mirzəyev WUF13 çərçivəsində keçirilən “Media
mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun hərəkətverici
qüvvəsi kimi” mövzusunda tədbirdə deyib.

A.Mirzəyev bildirib ki, bu gün sosial media kommunikasiya
prosesini daha da sürətli və güclü edib. Qısa bir video, sənədli
film, həttaa bir təsirli foto belə beynəlxalq səviyyədə geniş
müzakirəyə səbəb ola bilir.

Onun sözlərinə görə, medianın üzərinə məsuliyyət düşür.
Məlumatlar düzgün, balanslı və etik olmalıdır, çünki ictimai etimad
çox vacibdir.

“Regionumuzda kommunikasiya və hekayəçilik insanların
yenidənqurma, şəhər transformasiyası və icma inkişafını daha yaxşı
anlamasına kömək etdiyini aydın şəkildə görürük.

Məsələn, sənədli filmlər və vizual hekayəçilik yalnız fiziki
yenidənqurmanı deyil, həm də insan tərəfini — ailələrin qayıdışını,
icmaların bərpasını və ümidin yenidən dirçəlməsini göstərir”.

Onun fikrincə, media peşəkarları, şəhər planlaşdırıcıları,
dövlət qurumları, QHT-lər və yerli icmalar arasında əməkdaşlıq çox
vacibdir. Çünki güclü kommunikasiya daha güclü ictimai məlumatlılıq
yaradır.

“Güclü ictimai məlumatlılıq isə daha güclü şəhərlərin
formalaşmasına kömək edir.




Nəticə olaraq bunu demək istəyirəm: şəhərlər beton və poladdan
tikilir, amma dayanıqlı cəmiyyətlər etimad, dialoq və ortaq anlayış
üzərində qurulur. Və bu anlayışın formalaşmasında media əsas rol
oynayır”.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir