
Bakı. Trend:
Hava çirkliliyi ilə mübarizə yalnız xərclər deyil, əksinə
sağlamlıq, ətraf mühit və iqtisadiyyat üçün mühüm
investisiyadır.
Trend xəbər
verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional
Ofisində “Yaşayış mühitləri və iqlimin yumşaldılması” üzrə proqram
meneceri Dorota Jarosinska Bakıda keçirilən Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sessiyası çərçivəsində “Yeni Şəhər Gündəliyinə yeni
nəfəs: Dayanıqlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl
infrastrukturun inteqrasiyası” mövzusunda çıxışında deyib.
O bildirib ki, Avropa regionunda 53 ölkədə hər il təxminən 700
min insanın vaxtından əvvəl ölümünə hava çirkliliyi səbəb olur və
bu ölümlərin əksəriyyəti qeyri-infeksion xəstəliklərlə
bağlıdır.
“Biz ürək-damar xəstəlikləri, insult, tənəffüs problemləri kimi
təsirləri ölçə bilirik, lakin siyahı daha genişdir.
Neyrodegenerativ xəstəliklər, demensiya və metabolik pozuntular
kimi təsirlər haqqında da getdikcə daha çox öyrənirik”, – deyə o
vurğulayıb.
Dorota Jarosinska qeyd edib ki, rəqəmlər çox böyük olduğu üçün
bəzən insanlar real təsirləri anlamaqda çətinlik çəkirlər: “Bəzən
bu rəqəmlər bizi iflic edir, amma biz unutmamalıyıq ki, hava
çirkliliyinə qarşı fəaliyyətsizlik həyat və ölüm məsələsidir.
O əlavə edib ki, hava çirkliliyinin azaldılması yalnız ekoloji
deyil, həm də sosial və iqtisadi faydalar gətirir: “Bu, yalnız
xərclər deyil, investisiyadır. Hava keyfiyyətinin yaxşılaşdırılması
səhiyyə xərclərini azaldır, iş məhsuldarlığını artırır və cəmiyyətə
çoxsaylı faydalar verir”.
ÜST rəsmisi bildirib ki, hava çirkliliyi iqlim dəyişikliyi və
biomüxtəlifliyin itirilməsi ilə birlikdə qlobal üçlü böhranın
tərkib hissəsidir.
“Eyni mənbələr həm də iqlim dəyişikliyini yaradır. Buna görə də
hava çirkliliyinin azaldılması və iqlim dəyişikliyi ilə mübarizə
birgə aparılmalıdır”, – deyə o vurğulayıb.
Dorota Jarosinska qeyd edib ki, şəhərlər bu prosesdə əsas rol
oynayır: “Şəhərlər elə yerlərdir ki, dəyişikliklər orada birbaşa
görünür və hiss olunur. Buna görə də icmaların prosesə cəlb
edilməsi vacibdir”.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

