
Bakı.Trend:
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasının (WUF13) şəhər inkişafı üzrə innovativ layihələr
sahəsində tərəfdaşlıqların inkişafına bundan sonra da töhfə
verəcəyi gözlənilir.
Bunu Trend-ə forum
çərçivəsində verdikləri özəl müsahibədə Xorvatiyanın məkan
planlaşdırılması, tikinti və dövlət əmlakı nazirinin müşavirləri
Ana Favro Şaban və Nevena Byeliç deyiblər.
“Xorvatiyanın Bakıda keçirilən WUF13-də əsas prioritetləri
əlçatan mənzil təminatına, mənzil siyasəti sahəsində təcrübə
mübadiləsinə və tikinti sektorunun “yaşıl” keçidinə xüsusi diqqət
yetirilməklə dayanıqlı və inklüziv şəhər inkişafına yönəlib.
Xorvatiya məkan planlaşdırılması, mənzil əlçatanlığı və enerji
səmərəliliyini vahid strateji sistem çərçivəsində birləşdirən
islahat və proqramları təqdim etmək niyyətindədir.
Xorvatiyanın təşviq etmək niyyətində olduğu əsas mesaj ondan
ibarətdir ki, əlçatan mənzil təminatı və dayanıqlı şəhər inkişafı
paralel şəkildə həyata keçirilməlidir. 2030-cu ilədək Milli Mənzil
Siyasəti Planı və bununla bağlı qanunvericilik islahatlarının
icrası çərçivəsində Xorvatiya keyfiyyətli və münasib qiymətli
mənzillərin əlçatanlığını genişləndirmək, eyni zamanda
balanslaşdırılmış məkan inkişafını və şəhər mühitinin qorunmasını
təmin etmək istiqamətində çalışır”, – deyə onlar bildiriblər.
Şaban və Byeliç qeyd ediblər ki, Xorvatiya WUF13-ü mənzil
siyasəti, şəhər yenilənməsi, demoqrafik çağırışlar və dayanıqlı
torpaq istifadəsi sahələrində beynəlxalq təcrübə və ən yaxşı
praktika mübadiləsi üçün mühüm imkan kimi qiymətləndirir.
“Eyni zamanda, Xorvatiya şəffaflığı, səmərəliliyi və
vətəndaşlar, eləcə də investorlar üçün əlçatanlığı artıran “ePlans”
və “ePermit” sistemləri vasitəsilə məkan planlaşdırılması və
tikinti prosedurlarının rəqəmsallaşdırılması sahəsində öz
təcrübəsini bölüşməyə çalışır. Digər mühüm prioritet binaların
enerji səmərəliliyinin artırılması və karbon emissiyalarının
azaldılmasıdır. Tikinti sektoru enerji istehlakı və emissiyaların
ən böyük mənbələrindən biri olduğuna görə, Xorvatiya yaşayış və
ictimai binaların renovasiyası və enerji səmərəliliyi üzrə
genişmiqyaslı proqramlar həyata keçirir. Bu tədbirlər iqlim
hədəflərinə nail olunmasına, enerji yoxsulluğunun azaldılmasına və
mənzil şəraitinin yaxşılaşdırılmasına töhfə verir”, – deyə onlar
vurğulayıb.
Xorvatiya nümayəndələri əlavə ediblər ki, Avropa iqlim hədəfləri
və Binaların Enerji Səmərəliliyi üzrə yenilənmiş Direktivə (EPBD)
uyğun olaraq Xorvatiya sıfır emissiyalı binaların sayının
artırılmasına, bərpa olunan enerji mənbələrindən istifadənin
genişləndirilməsinə və binaların renovasiyasına investisiyaların
cəlb edilməsinə yönəlmiş siyasət həyata keçirir.
“Ölkə tikinti sektorunda “yaşıl” keçidi həm ekoloji, həm də
sosial imkan kimi qiymətləndirir. Bu yanaşma yeni iş yerləri
yarada, enerji dayanıqlığını gücləndirə və vətəndaşların həyat
şəraitini yaxşılaşdıra bilər. Xorvatiya inanır ki, WUF13 beynəlxalq
əməkdaşlığı daha da gücləndirəcək, innovativ şəhər layihələri üzrə
tərəfdaşlıqların inkişafına təkan verəcək və iqlim baxımından
neytral, dayanıqlı və sosial inklüziv şəhərlər üzrə qlobal dialoqa
töhfə verəcək. Eyni zamanda forum əlçatan mənzil təminatı və müasir
dövrün əsas şəhər və sosial çağırışlarından hesab olunan demoqrafik
problemlərin həlli sahəsində təcrübə və ən yaxşı praktika
mübadiləsi üçün mühüm platforma rolunu oynayır”, – deyə onlar izah
ediblər.
Xorvatiya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi
perspektivlərindən danışan müşavirlər bildirib ki, ölkəsi
şəhərsalma, tikinti və dayanıqlı infrastruktur sahələrində
əməkdaşlığın gücləndirilməsi üçün böyük potensial görür. Bu
xüsusilə Xorvatiyanın zəlzələdən sonrakı bərpa, enerji renovasiyası
və “yaşıl” keçid siyasəti üzrə təcrübəsinin Azərbaycanın
infrastruktur investisiyaları və şəhərlərinin dinamik inkişafı ilə
birləşməsi hesabına mümkün ola bilər.
“Məkan Planlaşdırılması, Tikinti və Dövlət Əmlakı Nazirliyinin
baxışına görə, əməkdaşlığın əsas istiqamətlərindən biri fəlakətdən
sonrakı bərpa və seysmik dayanıqlılıqdır. Zaqreb və Banovina
bölgəsində baş vermiş dağıdıcı zəlzələlərdən sonra Xorvatiya “Build
Back Better” prinsipi əsasında kompleks bərpa proseslərinin həyata
keçirilməsi sahəsində əhəmiyyətli təcrübə qazanıb. Bu o deməkdir
ki, məqsəd yalnız zədələnmiş binaların bərpası deyil, həm də daha
təhlükəsiz, keyfiyyətli və enerji səmərəli yaşayış mühitinin
yaradılmasıdır. Bu prosesdə seysmik təhlükəsizlik, enerji
səmərəliliyi, dayanıqlılıq və şəhər ərazilərinin uzunmüddətli
davamlılığına xüsusi diqqət yetirilir.
Azərbaycanın da seysmik aktiv ölkə olmasını , eyni zamanda
Bakının modernləşdirilməsi, yeni şəhər zonalarının inkişafı, enerji
səmərəliliyi və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi daxil
olmaqla şəhərsalma və infrastrukturun inkişafına fəal investisiya
yatırdığını nəzərə alaraq, biz seysmik davamlı tikinti, dayanıqlı
şəhər planlaşdırılması, enerji səmərəli ictimai infrastruktur və
şəhərlərin inteqrasiya olunmuş bərpa və idarəetmə modelləri
sahəsində təcrübə mübadiləsi üçün böyük potensial görürük”, – deyə
Şaban və Byeliç bildirib.
Onların fikrincə, əməkdaşlığın digər mühüm istiqaməti binaların
enerji renovasiyası və dayanıqlı şəhər yenilənməsidir.
“Son illərdə Xorvatiya Aİ vəsaitləri və “yaşıl” keçid siyasəti
hesabına yaşayış və ictimai binaların enerji renovasiyası üzrə
genişmiqyaslı proqramlar həyata keçirir. Bu proqramlar yalnız
karbonsuzlaşdırma və enerji istehlakının azaldılmasına deyil, həm
də enerji yoxsulluğunun aradan qaldırılmasına və vətəndaşların
həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Hesab edirik ki,
dayanıqlı və enerji səmərəli tikinti sahəsində maliyyə modelləri,
normativ-hüquqi çərçivələr və icra mexanizmləri üzrə bilik
mübadiləsi üçün ciddi potensial mövcuddur. Həmçinin bu gün dünyada
əsas şəhər çağırışlarından biri hesab olunan əlçatan və inklüziv
mənzil təminatı sahəsində əməkdaşlıq üçün böyük imkanlar görürük.
Xorvatiya Daşınmaz Əmlak Əməliyyatları və Vasitəçilik Agentliyi
vasitəsilə gənc ailələrə və mənzil əlçatanlığına xüsusi diqqət
yetirməklə dövlət mənzil dəstəyi və subsidiyalı tikinti proqramları
həyata keçirir.
Eyni zamanda Xorvatiya dayanıqlı şəhər yenilənməsi modellərini
fəal şəkildə inkişaf etdirir və bazar inkişafı ilə sosial
ehtiyaclar arasında balans yaratmağa çalışır. Azərbaycanın da
dövlət mənzil proqramları və yeni şəhər layihələrini inkişaf
etdirdiyini nəzərə alsaq, mənzil siyasəti, mənzil
maliyyələşdirilməsi və dayanıqlı icmaların inkişafı sahələrində
dialoq və ən yaxşı praktika mübadiləsi üçün açıq-aşkar potensial
mövcuddur. Həmçinin dayanıqlı infrastruktur, “yaşıl” tikinti və
dayanıqlı şəhərlərin inkişafı sahələrində birgə layihələr, ekspert
mübadiləsi və biznes forumları vasitəsilə özəl sektor, peşəkar
institutlar, universitetlər və ticarət-sənaye palataları arasında
əməkdaşlıq üçün də ciddi imkanlar var”, – deyə onlar
bildiriblər.
Ümumilikdə, Şaban və Byeliç Xorvatiya və Azərbaycanın şəhərlərin
dayanıqlığını, sosial inklüzivliyi və davamlı inkişafı təşviq edən
şəhərsalma və mənzil siyasəti üzrə innovativ və gələcəyə
hədəflənmiş yanaşmalar vasitəsilə əməkdaşlığın dərinləşdirilməsi
üçün möhkəm təmələ malik olduqlarını hesab edirlər.

