Mladen İvaniç ölkələri Dünya Bankına daha çox vəsait ayırmağa çağırıb

Baş səhifə

Bakı. Trend:

Bosniya və Herseqovina Rəyasət Heyətinin sabiq serb üzvü, bu
ölkənin keçmiş xarici işlər naziri, Serb Respublikasının sabiq Baş
naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mladen İvaniç
ölkələri Dünya Bankına daha çox vəsait ayırmağa çağıraraq bu
qurumun inkişaf və mənzil təminatı sahəsində mühüm maliyyə dayaq
rolunu oynadığını bildirib.

Trend xəbər
verir ki, o bu barədə Bakıda WUF13 çərçivəsində keçirilən “Çoxtərəflilik vasitəsilə mənzil siyasətinin inkişafı: Qlobal
öhdəliklərdən yerli təsirə doğru” mövzusunda çıxışında deyib.

O bildirib ki, Bosniya və Herseqovina müharibə nəticəsində ağır
dağıntılara məruz qalmış ölkələrdən biri olub və mənzil təminatı
sahəsində üzləşilən problemlərin əsas səbəbi məhz müharibənin
yaratdığı dağıntılar idi.

“Müharibədən sonra çoxtərəfli institutların dəstəyi olmadan
vətəndaşlarımızın mənzillə təmin olunması mümkün olmazdı. Bu
prosesdə təkcə BMT qurumları deyil, çoxsaylı beynəlxalq
qeyri-hökumət təşkilatları da mühüm rol oynayıb. Xüsusilə
müharibədən sonrakı ilk illərdə minlərlə QHT ölkədə fəaliyyət
göstərərək bərpa işlərinə töhfə verib”, – deyə o vurğulayıb.

M.İvaniç qeyd edib ki, ölkənin yenidən qurulmasında və mənzil
fondunun bərpasında beynəlxalq maliyyə institutlarının rolu
həlledici olub.

“Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa
İnvestisiya Bankının dəstəyi olmadan bu prosesləri həyata keçirmək
mümkün olmazdı. Müharibə nəticəsində ölkədə mənzil fondunun
təxminən 40 faizi dağıdılmış və ya ciddi zərər görmüşdü. Demək olar
ki, hər iki evdən biri ya tamamilə məhv edilmiş, ya da ağır şəkildə
zədələnmişdi”, – deyə o bildirib.

Onun sözlərinə görə, çoxtərəfli institutlar yalnız maliyyə və
texniki dəstək göstərməklə kifayətlənməyib, həm də yerli hakimiyyət
orqanlarının prioritetlərini düzgün müəyyənləşdirməsinə təsir
ediblər.

“Yerli siyasətçilər bəzən resursları başqa istiqamətlərə
yönəltməyə üstünlük verə bilərdilər. Lakin beynəlxalq institutların
tələbi və təzyiqi nəticəsində mənzil təminatı əsas prioritetlərdən
birinə çevrildi. Bu da insanların normal həyata qayıtmasına imkan
verdi”, – deyə o əlavə edib.

M.İvaniç bəzi fikirlərin əksinə olaraq, çoxtərəfli institutların
böhran vəziyyətində olduğu qənaətini bölüşmədiyini bildirib.

“Bəzi siyasi institutlar müəyyən çətinliklərlə üzləşə bilər.
Lakin ixtisaslaşmış çoxtərəfli qurumlar fəaliyyətlərini effektiv
şəkildə davam etdirirlər. UNESCO-suz və ya Ümumdünya Səhiyyə
Təşkilatısız bir dünyanı təsəvvür etmək çətindir. Eyni yanaşma
mənzil və inkişaf sahəsində çalışan beynəlxalq institutlara da
aiddir”, – deyə o vurğulayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü sonda beynəlxalq
ictimaiyyəti Dünya Bankı kimi qurumların maliyyə imkanlarının
gücləndirilməsinə dəstək verməyə çağırıb.




“Ölkələr Dünya Bankına daha çox vəsait ayırmalıdırlar. Çünki bu
qurum mənzil təminatı da daxil olmaqla inkişaf məqsədlərinə nail
olunmasında ən mühüm maliyyə institutlarından biridir”, – deyə
M.İvaniç qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir