
Bakı. Trend:
Qarabağ və Şərqi Zəngəzurdakı bərpa prosesi dünyaya nümunə ola
bilər.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər
Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının
(WUF13) rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, WUF13 çərçivəsində QHT ailəsi tərəfindən 59
tədbir təşkil olunub və bu tədbirlərdə 3 minə yaxın yerli və
beynəlxalq iştirakçı yer alıb. Bu göstərici Azərbaycanın forumun
tematik gündəliyinə verdiyi mühüm töhfəni və fəal iştirakını əks
etdirir.
Anar Quliyev vurğulayıb ki, forumun açılış mərasimində Prezident
İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan əsrlər boyu
formalaşmış zəngin memarlıq irsinə malikdir. Ölkə müasir şəhərsalma
proseslərini sürətlə inkişaf etdirməklə yanaşı, öz mədəni
kimliyinin və memarlıq irsinin qorunmasına da xüsusi önəm verir. Bu
baxımdan, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”
elan edildiyini xatırladıb.
Komitə sədri qeyd edib ki, forum müddətində Azərbaycan davamlı
şəhərsalma, Milli Şəhərsalma Forumlarının təşkili, həmçinin işğal
dövründə urbisid, ekosid və mədəni soyqırımı ilə üzləşmiş Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən
genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə bağlı təcrübəsini
beynəlxalq ictimaiyyətlə bölüşüb.
Onun sözlərinə görə, həmin ərazilərdə aparılan yenidənqurma
prosesi miqyasına görə misilsizdir və münaqişədən sonrakı dövrü
yaşayan digər ölkələr üçün nümunə ola bilər. Böyük Qayıdış Proqramı
çərçivəsində Azərbaycanın öz maliyyə resursları və milli potensialı
hesabına 12 şəhər və 300-dən çox kənd yenidən qurulur. Məcburi
köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının
təmin edilməsi məqsədilə 110-a yaxın şəhər, qəsəbə və kənd üzrə baş
planlar artıq təsdiqlənib, digər yaşayış məntəqələri üzrə
planlaşdırma işləri isə davam etdirilir.
Anar Quliyev bildirib ki, WUF13-ün mühüm irslərindən biri də
Azərbaycanın təşəbbüsü və UN-Habitat ilə əməkdaşlıq çərçivəsində
təsis edilmiş Bakı Şəhərsalma Mükafatıdır. O qeyd edib ki,
Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təqdim olunan yeganə
mükafat olan bu təşəbbüs təcrübə, bilik və siyasət arasında
əlaqələrin gücləndirilməsinə xidmət edir və Azərbaycanın davamlı
şəhər inkişafı, xüsusilə də mənzil təminatı sahəsində innovasiya,
mükəmməllik və beynəlxalq əməkdaşlığın təşviqinə sadiqliyini
nümayiş etdirir.
Komitə sədri forumun təsirinin tədbirin keçirildiyi məkanla
məhdudlaşmadığını da vurğulayıb. O bildirib ki, Bakı Urban Liqası
çərçivəsində Azərbaycanın 9 şəhərində 55 tədbir və urban festival
təşkil olunub. Bu tədbirlər sayəsində davamlı şəhər inkişafı ilə
bağlı müzakirələr daha geniş auditoriyaya çatdırılıb və ölkə üzrə
115 mindən çox insanı əhatə edib.
Anar Quliyev əlavə edib ki, WUF13 beynəlxalq media tərəfindən də
böyük maraqla qarşılanıb. Belə ki, 1000-dən çox akkreditə olunmuş
media nümayəndəsi forumu işıqlandıraraq davamlı urbanizasiya və
beynəlxalq əməkdaşlığın əhəmiyyətinin qlobal səviyyədə
tanıdılmasına töhfə verib.
O, forumun daha bir mühüm nəticəsinin gələcək Ümumdünya
Şəhərsalma Forumlarına ev sahibliyi edəcək ölkələr üçün əməliyyat
səmərəliliyinə dair Bakı standartlarının tətbiqinə yönəlmiş niyyət
məktubunun imzalanması olduğunu qeyd edib.
Anar Quliyev çıxışında növbəti forumun ev sahibi olacaq
Meksikanı da təbrik edib və Azərbaycanın WUF14-ə hazırlıq
prosesində öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
O, həmçinin diqqəti qarşıdan gələn digər mühüm beynəlxalq
platformalara yönəldərək qeyd edib ki, WUF14-ə gedən yolda
Türkiyədə keçiriləcək Ümumdünya Şəhər Forumu mühüm rol oynayacaq.
Bununla yanaşı, Azərbaycan yaxın həftələrdə – iyunun 5-də Bakıda
keçirilməsi nəzərdə tutulan Ümumdünya Ətraf Mühit Gününə də
hazırlaşır. Həmin tədbir çərçivəsində iqlim dəyişiklikləri fonunda
şəhər inkişafı problemlərinin müzakirəsi üçün yeni imkanlar
yaranacaq.
Sonda Anar Quliyev vurğulayıb ki, WUF13 bir daha həmrəyliyin,
əməkdaşlığın və birgə fəaliyyətin davamlı şəhər gələcəyinin
qurulmasında həlledici əhəmiyyət daşıdığını nümayiş etdirib.

