Tacikistan Azərbaycanın təcrübəsini fəal şəkildə öyrənir – Davlat Həbibov (ÖZƏL)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan ilə Tacikistan arasında investisiya, ticarət və
iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur və sənaye,
investisiya, ticarət və turizm sahələrində tədricən praktiki
layihələrlə zənginləşir.

Bu barədə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət
Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin “Tacinvest” dövlət
unitar müəssisəsinin baş direktorunun müavini Davlat Həbibov Bakıda
keçirilən Azərbaycan-Tacikistan biznes-forumu çərçivəsində Trend-ə verdiyi özəl
müsahibədə bildirib.

O qeyd edib ki, münasibətlərin inkişafının əsasını iki ölkə
arasında tarixən formalaşmış dostluq və mehriban qonşuluq əlaqələri
təşkil edir.

“Ölkələrimiz hər zaman dostluq və mehriban qonşuluq
münasibətlərinə malik olub. Dövlətlərin siyasəti və dövlət
başçıları – Tacikistan Prezidenti Emoməli Rəhmon ilə Azərbaycan
Prezidenti İlham Əliyev arasında şəxsi dostluq biznesin inkişafı
üçün möhkəm zəmin yaradıb”, – deyə Həbibov bildirib.

Onun sözlərinə görə, ölkələr arasında zəruri müqavilə-hüquq
bazası formalaşdırılıb, aidiyyəti nazirlik və qurumlar isə işgüzar
əlaqələrin inkişafını dəstəkləyir.

Həbibov qeyd edib ki, Tacikistan investisiyaların və
texnologiyaların cəlb edilməsi sahəsində Azərbaycanın təcrübəsini
fəal şəkildə öyrənir.




“Azərbaycan daxili və beynəlxalq investisiyalar, eləcə də müasir
texnologiyalar cəlb etməklə uğurla inkişaf etməyin və regional,
həmçinin beynəlxalq bazarlarda öz yerini tutmağın mümkün olduğunu
nümayiş etdirib”, – deyə o bildirib.

O əlavə edib ki, Tacikistan investisiyaların cəlb olunması üçün
perspektivli sahələri müəyyənləşdirir və bu prosesə Azərbaycan
şirkətlərini də cəlb etmək niyyətindədir.

“Biz Tacikistan Respublikası ərazisində birgə layihələrin həyata
keçirilməsi üçün Azərbaycan tərəfinin investisiyalarını,
texnologiyalarını və biliklərini cəlb etməkdə maraqlıyıq”, – deyə
Həbibov vurğulayıb.

Onun sözlərinə görə, Tacikistan şirkətləri də beynəlxalq iştirak
coğrafiyasını genişləndirmək və Azərbaycanla əməkdaşlığı inkişaf
etdirməkdə maraqlıdır.

Həbibov mövcud əməkdaşlıq nümunələri kimi Tacikistanda
şüşə-plastik boruların istehsalı üzrə birgə müəssisəni, həmçinin
quru meyvə və qənnadı məhsullarının Azərbaycana tədarükünü
göstərib.

O həmçinin vurğulayıb ki, əməkdaşlıq turizm və humanitar
əlaqələr sahəsində də inkişaf edir. Bu çərçivədə Tacikistandan
Azərbaycana, eləcə də Azərbaycan üzərindən digər ölkələrə tranzit
turist səfərlərinin sayı artır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir