
Bakı. Trend:
Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük
nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik
vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən
çıxarılıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə
əlaqələr idarəsindən Trend-ə bildirilib ki, “Mazımqara” gömrük postunda
İrandan Gürcüstana “qarpız” yükü aparan nəqliyyat vasitəsinə
stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli
cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı
içərisində “qarpız” yükü olan qutuların alt hissəsində xüsusi
üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən
qablaşdırma ilə birgə ümumi çəkisi 110 kiloqram 300 qram xüsusilə
külli miqdarda narkotik vasitə – marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

