“Azərenerji” Bankə–Nəvahi elektrik xətti və yarımstansiya üzrə əlavə işlərə 7,3 milyon manat ayırır

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda bərpaolunan enerji layihələrinin enerji sisteminə
inteqrasiyası ilə bağlı genişmiqyaslı elektrik şəbəkəsi
infrastrukturunun yenidən qurulması və genişləndirilməsi
istiqamətində işlər davam etdirilir.

Trend-in
dövlət satınalmalarının vahid internet portalına istinadən
məlumatına görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) 330
kV-luq ikidövrəli “Bankə Günəş Elektrik Stansiyası (GES) – Nəvahi
yarımstansiyası (YS)” elektrik veriliş xəttinin Şıran Milli
qoruğundan kənara köçürülməsi və 330 kV-luq Bankə
yarımstansiyasının yerinin dəyişdirilməsi ilə bağlı əlavə işlərin
icrasına start verib. Hazırda sözügedən işlərin icrası üzrə müvafiq
şirkətin müəyyənləşdirilməsi prosesi aparılır.

Layihənin icrası üzrə “Azərenerji” ASC tərəfindən görüləcək
işlərin dəyəri təxminən 7,3 milyon manat həcmində
qiymətləndirilir.

Azərbaycanda bərpaolunan enerji potensialının genişləndirilməsi
çərçivəsində 2027-ci ilin sonunadək günəş və külək enerjisi üzrə
ümumi gücün 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata
çatdırılması nəzərdə tutulur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin
yanvar–aprel aylarında ölkədə külək elektrik stansiyalarında (KES)
327,5 milyon kVt-saat elektrik enerjisi istehsal olunub. Bu
göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 321,9 milyon
kVt-saat və ya 58,5 dəfə çoxdur.

Eyni dövrdə günəş elektrik stansiyalarında 121,8 milyon kVt-saat
elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin analoji dövrü
ilə müqayisədə 7,8 milyon kVt-saat və ya 6% azalma deməkdir.




Ümumilikdə, 2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və
təchizatı sektorunda 1 milyard 322,7 milyon manat dəyərində məhsul
istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı,
tullantıların təmizlənməsi və emalı sahəsində isə istehsal həcmi
201 milyon manat təşkil edib.

Bununla yanaşı, Azərbaycanda bərpaolunan enerji mənbələrindən
istifadənin genişləndirilməsi layihəsi (AZURE) üzrə işlər də davam
etdirilir. Layihənin əsas məqsədi ölkədə inşa olunan 2 giqavat
gücündə bərpaolunan enerji mənbələrinin enerji sisteminə dayanıqlı
və təhlükəsiz inteqrasiyasını təmin etməkdir.

Bu məqsədlə ölkədə əsas qovşaq yarımstansiyası funksiyasını
daşıyacaq 500/330 kV-luq “Nəvahi” Enerji Qovşağı inşa olunur. Həmin
qovşaqdan ölkənin müxtəlif istiqamətlərinə 500 və 330 kilovoltluq
yüksəkgərginlikli ötürmə xətləri çəkilir.

Ötən il AZURE layihəsinin icrası, cari vəziyyəti və növbəti
mərhələləri ilə bağlı “Nəvahi” Qovşaq yarımstansiyasında müşavirə
keçirilib. “AzərEnerji” ASC-nin rəhbərliyi, Dünya Bankı və Masdar
şirkətinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə
layihənin gedişatı və qarşıda duran vəzifələr müzakirə olunub.

Layihənin birinci mərhələsi çərçivəsində “AzərEnerji”nin daxili
imkanları və qismən dövlət büdcəsi hesabına “Nəvahi”
yarımstansiyasının 330 kilovoltluq hissəsi, eləcə də Nəvahidən
Abşerona 500 kilovoltluq, “Biləsuvar” və “Bankə” günəş elektrik
stansiyalarına 330 kilovoltluq ötürmə xətlərinin tikintisi
yekunlaşmaq üzrədir. Bu mərhələnin başa çatması ilə “Bankə” və
“Biləsuvar” GES-lərin enerji sisteminə qoşulması təmin
ediləcək.

Layihənin ikinci mərhələsində isə Dünya Bankının
maliyyələşdirməsi ilə “Nəvahi” yarımstansiyasının 500 kilovoltluq
hissəsinin, transformator və əlaqəli avadanlıqların alınması və
quraşdırılması, həmçinin “Nəvahi”dən Mingəçevirə 500 kilovoltluq,
eləcə də Ələt, Abşeron və Qobu istiqamətlərinə 330 kilovoltluq
ötürmə xətlərinin tikintisi planlaşdırılır. Bu mərhələnin 3 il
müddətində icra olunacağı nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir