
Bakı. Trend:
Cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs
qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı
məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü iclasında müzakirə
olunan Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, qanun layihəsində təklif edilən əlavə və
dəyişikliklər təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə
həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın
qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərin, cinayət
prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil
edilməsi, həmin şəxslərin qanuni mənafeyinə toxunulan şəxs qismində
cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən
şəxslər kimi apelyasiya, kassasiya, əlavə kassasiya şikayəti vermək
hüquqları və qaydalarını tənzim edir.
Təklif olunan ən mühüm dəyişikliklərdən biri də cinayət mühakimə
icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət
prosesini həyata keçirən orqanın qərarının mülki mühakimə icratı
çərçivəsində deyil, məhkəmə nəzarəti qaydasında
mübahisələndirilməsinin nəzərdə tutulmasıdır.
Belə ki, mülki mühakimə icratından fərqli olaraq məhkəmə
nəzarəti qaydasında materiallara baxılması və işin həll edilməsi
zaman baxımından daha çevik və operativ baş verir. Üstəlik daha
sonra məhkəmə qərarının preyudisial əhəmiyyətinin hansı həddə
olması kimi mübahisənin yaranmasının da qarşısı alınmış olur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq
birinci oxunuşda qəbul edilib.

