BMT Xəzər dənizi ilə bağlı həyəcan təbili çalıb

Baş səhifə

Bakı.Trend:

Xəzər dənizi sahil xəttindən sürətlə geri çəkilir. Alimlərin
proqnozlarına görə, yaxın 50 il ərzində su səviyyəsi enməyə davam
edəcək ki, bu da beş sahilyanı ölkədə milyonlarla insanın həyatına
təsir göstərə və regionun unikal ekosisteminə ciddi zərər vura
bilər.

Trend xəbər verir
ki, bu barədə BMT Xəbərlər Xidməti məlumat yayıb.

5 iyun hər il qeyd olunan Ümumdünya Ətraf Mühit Günü
münasibətilə 2026-cı ildə keçirilən əsas beynəlxalq tədbirlər
Azərbaycanda baş tutur. Bu il BMT-nin Ətraf Mühit Proqramı (UNEP)
tərəfindən təşkil edilən kampaniya “Now For Climate” şüarı altında
keçirilir və iqlim böhranının həlli yollarının axtarışına
yönəlib.

Regionun iqlim gündəliyində əsas mövzulardan biri dünyanın ən
böyük qapalı su hövzəsi olan Xəzər dənizinin sürətlə dayazlaşması
olaraq qalır. Peyk görüntülərində dənizin geri çəkilməsi aydın
görünür: kilometrlərlə üzə çıxmış qumlu dayazlıqlar limanları və
balıqçı kəndlərini sahildən uzaqlaşan su ilə əlaqəsiz vəziyyətə
salır.

Elmi proqnozlar nikbin deyil: güclü dəlillər göstərir ki, yaxın
50 ildə su səviyyəsi əhəmiyyətli dərəcədə enməyə davam edəcək və bu
proses beş sahilyanı ölkədə milyonlarla insanın həyatına və
rifahına birbaşa təsir göstərəcək. Bu prosesin əsas səbəbi qlobal
istiləşmədir ki, bu da suyun intensiv buxarlanmasına gətirib
çıxarır.




İqtisadi nəticələrlə yanaşı, unikal ekosistem də ciddi risk
altındadır. Xəzər dənizi nəsli kəsilməkdə olan bir neçə növün, o
cümlədən planetdə qalan nərə balıqlarının təxminən 90 faizinin
məskənidir. Dəniz səviyyəsinin enməsi səbəbindən balıqlar artıq
kürütökmə üçün çay deltalarına çıxmaqda çətinlik çəkirlər.

2003-cü ildə beş sahilyanı dövlət Xəzər dənizinin dəniz
mühitinin qorunmasına dair Çərçivə Konvensiyanı (Tehran
Konvensiyası) imzalayıb. Bu sənəd regionda ekoloji mühafizə və
dayanıqlı inkişaf üçün əsas hüquqi baza hesab olunur. BMT Baş
katibi Antonio Quterreş Ümumdünya Ətraf Mühit Günü münasibətilə
müraciətində bildirib ki, planet insanlığa getdikcə daha ciddi
xəbərdarlıq siqnalları göndərir.

Onun sözlərinə görə, son on bir il meteoroloji müşahidələr
tarixində ən isti dövrlər olub. Bunun yaratdığı zərər təkcə
temperatur artımı ilə məhdudlaşmır — çirkli hava, torpaqların
deqradasiyası, ekosistemlərin dağılması və biomüxtəlifliyin
azalması kimi nəticələr də ciddi fəsadlar doğurur. Bu isə
insanların sağlamlığına zərər vurur, evləri dağıdır və aclıq
riskini artırır.

Quterreş xəbərdarlıq edib ki, dünya qlobal istiləşmənin
müvəqqəti olaraq 1,5 dərəcə həddini aşması istiqamətində sürətlə
irəliləyir. Hər ondalıq dərəcə belə xüsusilə həssas əhali qrupları
üçün yeni dağıntılar yaradır. Buna görə də beynəlxalq ictimaiyyətin
əsas vəzifəsi bu həddi minimuma endirmək və göstəriciləri tezliklə
normaya qaytarmaqdır.

Baş katib dayanıqlı enerji təhlükəsizliyinə nail olmağın yeganə
yolunun emissiyaların kəskin şəkildə azaldılması, fosil
yanacaqlardan bərpa olunan enerjiyə ədalətli keçidin
sürətləndirilməsi və metan emissiyalarının azaldılması olduğunu
bildirib. O, həmçinin inkişaf etmiş ölkələri inkişaf etməkdə olan
dövlətlər qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyə çağırıb
ki, bu da həm insan həyatının qorunmasına, həm də iqtisadiyyatların
gücləndirilməsinə xidmət edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir