Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Respublikasının Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Praqada keçirilən görüşündə nəticə olaraq bəyanat qəbul edildi.
Bəyanatda Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.
Tərəflər təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq. Sərhəd komissiyalarının növbəti iclası isə oktyabrın sonunda Brüsseldə keçiriləcək.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Oxu.Az-a Praqada qəbul edilən bəyanatı şərh edib.
Deputat bildirib ki, MDB-nin yaranması ilə SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Alma-Ata Bəyannaməsi keçmiş ittifaq dövlətlərinin bir-birinin müstəqilliyini və ərazi bütövlüyünü tanımasını ehtiva edir.
“Keçmiş ittifaq üzvü olaraq Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanımasını bəyan edərkən Praqa danışıqlarında istinad edilə biləcək sənəd də bu baxımdan məhz Alma-Ata Bəyannaməsi idi”, – deyə Bəhruz Məhərrəmov əlavə edib.
Millət vəkili qeyd edib ki, həmin dövrdə tanınan sərhədlər bütün tərəfləri qane edirdi və yalnız İrəvan sonrakı dövrdə əlavə iddialarla çıxış etməklə bu Bəyannamənin prinsiplərindən imtina etməyə başlamışdı.
“Bu mənada, İrəvanın yenidən Alma-Ata sənədinə istinad etməyə məcbur edilməsi sülh müqaviləsinin imzalanması istiqamətində başlanan yolda uğurlu başlanğıc sayıla bilər.
Yəni, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Alma-Ata Bəyannaməsinin müəyyənləşdirdiyi prinsipə uyğun olaraq tanımaqla Azərbaycanın beynəlxalq hüquqla tanınmış, ayrılmaz parçası olan Qarabağ bölgəsinə olan çirkin iddialarından çəkmiş olur”, – deyə o şərh edib.
Parlamentari qeyd edib ki, Qarabağ iqtisadi rayonu və orada yaşayan ermənilər nə Praqa, nə Moskva, nə Brüssel danışıqlarının müzakirə mövzusudur.
“Prezident İlham Əliyev bu istiqamətdə kifayət qədər qəti, sərt mövqe tutub və bu mövqeni dünyaya qəbul etdirib. Bu mənada Praqa Bəyanatında Alma-Ata Bəyannaməsinə istinad məhz Azərbaycan liderinin qətiyyətinin siyasi yekunudur”, – deyə Bəhruz Məhərrəmov fikrini yekunlaşdırıb.
Aqşin Kərimov
www.RIA24.az