Ötən gecə səhərə qədər Rusiya ordusu tərəfindən Ukraynanın Zaporojye şəhərinin mərkəzi çoxsaylı raket atəşinə tutulub.
“Report”un məlumatına görə, bu, Rusiyanın Ukraynada apardığı müharibə dövründə Zaporojye şəhərinin mərkəzinin ilk dəfə belə kütləvi raket atəşinə məruz qalmasıdır.
Rusiya tərəfindən şəhərə 4 qanadlı, 16 zenit və 2 aviaraket atılıb. Nəticədə şəhərin mərkəzi prospektində 5 çoxmərtəbəli yaşayış binası tamamilə dağılıb.
Bununla yanaşı, sakinlər arasında ölən, yaralananlar və itkin düşənlər var. Son məlumata görə, zərbələr nəticəsində 17 dinc sakin həlak olub, 50-ə yaxın sakin yaralanıb. Hazırda ərazidə dağıntılar altında qalanların axtarışı aparılır. Raketlərdən zərər görən binaların qaz xətti zədələndiyi üçün partlayışlar davam edir.
Zaporojye şəhərinin ictimai fəalı, psixoloq Vitaliy bildirib ki, hər an şəhərin Rusiya tərəfindən eyni zərbələrə təkrar məruz qalması ehtimalı güclüdür, həyəcan siqnalları fasilə vermir, şəhərdə gərginlik davam edir.
www.102info.az