“Ermənilər hərbi meydandakı ağır məğlubiyyəti informasiya məkanındakı üstünlüklə əvəzləyib, onu gələcəkdə silahlı məkana daşımağa çalışırlar. Təzyiqlərin gələcəkdə artması ehtimalı dövlətimizdən Hibrid Hücumlarla Mübarizə Mərkəzinin yaradılmasını tələb edir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.
O təklif edib ki, Birinci və İkinci Qarabağ müharibələrini əhatə edən Müharibə Cinayətlərinin Cəzalandırılması Komissiyası yaradılsın.
“Bu halda son 34 ilin hərbi cinayətlərini vahid platformada və siyasətdə birləşdirmək deməkdir. İkincisi, Azərbaycan həqiqətlərinin yayılması işində Avropa təhlükəsizliyi reallıqlarını dərk edən və ölkəmizə rəğbəti olanların səfərbərliyi tələb olunur. Baxın, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenə qarşı ləkələmə kampaniyası aparılır, bizsə sakitcə tamaşa edirik.
Halbuki onun müdafiəsi iqtisadi-siyasi mənafelərimiz üçün çox gərəkdir. Üçüncüsü, Ukraynaya təkcə ABŞ-nin yardımlarının miqdarı 26 milyard dollar təşkil edir, iqtisadiyyatının xilası üçün 500 milyard yardım vəd olunub. Alqışlayırıq, lakin Zəngilanın bir kəndini tikmək üçün o dövlətlərin dəstəyi ilə beynəlxalq donor konfransları və fondlarının təşkili üçün dünya azərbaycanlılarının fəal kampaniyası yerinə düşər”, – deyə o əlavə edib.
Zahid Oruc bildirib ki, keçmiş köçkünlərə vurulan maddi ziyanların qiymətləndirilməsini tezləşdirərək, bir milyon insanın Ermənistana “evimin təzminatını ödə” aksiyası ciddi hüquqi-siyasi nəticə doğura bilər:
“Əgər düşmən tərəfinin 34 illik hərbi cinayətlərə görə təzminat ödəməyə imkanı yoxdursa, dünyada onun əvəzini torpaq və digər alternativ vasitələrlə tələb etmək nümunələri var. Zəngəzur dəhlizi xalqımıza qarşı edilən müharibə cinayətlərinin, vurulan mülki və iqtisadi ziyanların əvəzində tam Azərbaycanın istifadəsinə verilməlidir!”
Aqşin Kərimov
www.RIA24.az