Demaqogiyanın Konstitusiya Məhkəməsi

Cəmiyyət

Qan Turalı yazır…

Keçən günlərdə ölkəmizin ən tanınmış və savadlı iqtisadçılarından biri sosial şəbəkələrdə linçə məruz qaldığından şikayət edirdi. Halbuki dedikləri oxucuların bəyənməyəcəyi bir şey deyildi, sadəcə olaraq oxucular “inflyasiyanın artım tempinin gəlirləri üstələdiyini” sadəcə olaraq başa düşməmişdi. Bir çoxları bu tendensiyanı “total savadsızlıq” kimi qəlibləşmiş düşüncələrlə izah etsə də həqiqət burada deyildi. 

Bu dövrümüzün mənəvi ruhunu (bəlkə də ruhsuzluğunu) ifadə edən bir tendensiyadır. Bu tendensiyanı “Post Truth” adlandırırıq. 

Bəli, oxucular nəyisə anlamaya bilər, bu da təbiidir. İnflyasiyanın nə olduğunu bu ölkədə dürüst şəkildə başa düşən insanların sayı yəqin ki, bir neçə minlə ifadə edilə bilər. Ancaq problematik olan inflyasiyanın nə olduğunu bilməyən insanların sayı deyil, bilməyənlərin cəsarətidir. Cahillər heç bir dövrdə bu qədər cəsarətli olmamışdılar. 

Bunun demokratiya ilə əlaqəsi də yoxdur. Bildiyimiz kimi, demokratiya bizim də əsas qanunumuzda əks edildiyi kimi hakimiyyətin bölünməsi mexanizminə əsaslanır. Bu prinsip də hakimiyyət növlərinin bir-birinə nəzarətini nəzərdə tutur. Yəni, Prezident Milli Məclisin hansısa qərarını imzalamaya bilir. Ya da Konstitusiya Məhkəməsinin 9 üzvü xalqın seçdiyi millət vəkillərinin çıxartdığı hansısa qanunu ləğv edə bilir. O cümlədən Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrini… 

Xalqın 99 faizinin belə razılıqla qarşıladığı bir qanunu Konstitusiya Məhkəməsinin üzvləri asanlıqla ləğv edə bilərsə deməli demokratiya “xalq belə istəyir deyə belə olsun” prinsipinə əsaslanmır. Xalq bəzən Hitleri də hakimiyyət başına gətirə bilir. Və demokratiyanın bərqərar olmasının, dayanıqlı olmasının əsas şərti də məhz hüququn işləməsidir. Hüquq yoxdursa demokratiya da yoxdur. Vəssalam!

Ancaq demaqogiyanın Konstitusiya Məhkəməsi yoxdur. Faciə də bundan yaranır. Bu zaman demokratiyadakı kimi hansısa bir nəzarət mexanizmi də mövcud olmur. Sadəcə olaraq, demaqoqların xoşuna gələn fikri deyənlər alqışlanır, digər fikirlər hər nə qədər obyektiv, elmi əsaslı olsa belə lənətlənir. Çünki demaqoq üçün hansısa bir əsas, hansısa bir dəyər, hansısa bir elmi yanaşma yoxdur. O dünən lənətlədiyini bu gün asanlıqla müqəddəs elan edə bilər. Və bunun əksinə də dəfələrlə rast gəlirik.

Xalqımızın müdrik bir atalar sözü var: “Danışan dəli olanda gərək qulaq asan ağıllı olsun”. Bu fikirdə böyük bir məna gizlənibdir. Belə ki, dəliyə qulaq asanlar da dəli olacaq və qarşısıalınmaz əməllər törədəcəklər. Ancaq qulaq asanlar ağıllı olduqda dəlinin dedikləri ancaq sözdən ibarət qalacaq və əmələ çevrilməyəcək. Bu da bir növ dəliyə nəzarət mexanizmidir.  Ona görə də dəliyə nəzarət üçün qulaq asanlardan təmkin, ağıl tələb edilir. Modern dövrdə isə biz tamamilə fərqli bir tablo ilə üzbəüz dayanmışıq.  Danışanlar qulaq asanlardan, qulaq asanlar isə danışanlardan da dəlidir. (Dəliliyi burda psixi xəstəlik mənasında nəzərdə tutmuruq)
Həqiqət heç bir zaman sadə, birrəngli və birqatlı deyil. Ancaq onu anlamaqdan məhrum olan insanlar üçün həqiqət sadəcə öz bildiyi, öz marağına uyğun gələn bir şeydir. Misal üçün, uşaqpulunun verilməsinin hansı iqtisadi nəticələr doğuracağı, demoqrafik artıma necə  təsir edəcəyi,  paralel şəkildə dövlət büdcəsinə necə dözülməz yük yaradacağı haqqında düşünmək demaqoqa yaddır. Ancaq, qovluq partiyaların rəhbərləri “YouTube”də bu barədə danışdıqda demaqoq zurnaçılara hay düşür. Nəticədə isə, gerçəkləşməsi mümkün olmayan bir mövzu ətrafında boşboğazlıq edilir, əsl problemlər diqqətdən kənarda qalır, cəmiyyətin enerjisi boşa xərclənilir. 

Eyni tendensiyanı ictimai həyatın digər sahələrində də müşahidə edirik. Bir müğənni vəfat etdikdə onun cinsi oriyentasiyası sorğulanır, bir qadın qətlə yetirildikdə demaqoq əxlaq polisinə çevrilir. Bir sözlə, heç bir mövzunun müzakirəsi demaqoqlar ucbatından adekvat qaydada, onu yaradan səbəblər təhlil edilməklə çıxış yoluna istiqamətlənmir. Misal üçün, şəhərin mərkəzində yerləşən barda partlayış olduqda həyat təhlükəsizliyindən danışan olmadı, orada ölən və yaralananların əxlaqı isə geniş müzakirəyə çıxarıldı. 

Demaqogiyanın sonu bundan ibarətdir… 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir