“Cihazların görmə qabiliyyətinə mənfi təsiri çox şişirdilib”.
Bu barədə rusiyalı göz həkimi, tibb elmləri doktoru Tatyana Şilova bildirib.
Həkimin sözlərinə görə, insanlar bəzən kompüterdən və ya cihazlardan uzun müddət istifadə etdikləri üçün görmə qabiliyyətinin pisləşdiyini düşünürlər, ancaq bu, yalnış fikirdir.
“Əslində göz xəstəliklərinin təxminən 80 faizi genetikadan qaynaqlanır, xarici mühitin təsiri çox azdır. Bəzi pis vərdişlər – məsələn, həyat tərzi, yemək seçimləri – görmə qabiliyyətinə mənfi təsir göstərə bilər, lakin cihazlarla işləməyin zərəri çox şişirdilir. Kompüterdə müəyyən fasilələrə 8-9 saat işləmək yetkin insanın gözünə tamamilə normal yükdür; bu, artıq bir çox araşdırma ilə təsdiq edilib”, – deyə həkim bildirib.
Bununla belə o, uşaqların bu məsələdə istisna olduğunu vurğulayıb:
“Cihazlar onlara zərər verə bilər. Gözlər 18 yaşına qədər formalaşır, buna görə uşaqlıqda görmə yükü ciddi şəkildə dozalanmalıdır. Uşaq cihazla işləmək üçün hər iki-üç saatdan bir fasilə verməlidir. Fasilələr zamanı fokus uzunluğunu dəyişdirməyə imkan verən məşqlər mütləqdir”, – deyə həkim qeyd edib.
Həkim ən sadə məşqlərdən biri kimi “Şüşə üzərində işarə”ni qeyd edib. Onu yerinə yetirərkən yaxınlıqdakı obyektə bir neçə saniyə baxmaq, sonra eyni görmə xəttində yerləşən uzaqdakı obyektə baxmaq və bunu bir neçə dəfə təkrarlamaq lazımdır. Bunun sayəsində gözlər bir neçə dəfə fokus uzunluğunu dəyişir və məşq edir.
“Göz sinir sisteminin bir hissəsidir. Buna görə də, beyin daxilində baş verən hər şey görmə keyfiyyətinə təsir edə bilər. Gözlərin tamamilə sağlam olmasına baxmayaraq, insanın tam korluq hissi yaşaya biləcəyi vəziyyətlər də olur”, – deyə oftalmoloq xəbərdarlıq edib.
Onun sözlərinə görə, stressli vəziyyət təkcə xroniki xəstəliklərin kəskinləşməsinə mənfi təsir göstərmir, həm də görmə qabiliyyətinin qısa müddətli azalmasına səbəb ola bilər.
“Buna görə düzgün həyat tərzi sürməyə çalışın, duyğularınızı idarə edin və bunu özünüz həll edə bilmirsinizsə, mütəxəssislərdən kömək istəyin”, – deyə Şilova yekunda tövsiyə edib.
Mənbə: Lenta.ru
www.RIA24.az