“Döyüşdə ancaq irəli getməyi düşünürsən. Vətən sevgisi hər şeyi üstələyir. Arzumuz irəli gedib, torpaqlarımızı azad etmək idi. Buna da nail olduq”.
Bu sözləri Oxu.Az-a müsahibəsində Vətən müharibəsinin iştirakçısı Vasif Musayev deyib.
Musayev Vasif Namiq oğlu 2000-ci il sentyabrın 7-də Zərdab rayonunda anadan olub. Abşeron rayonun Xırdalan şəhərində yerləşən 4 nömrəli tam orta məktəbdə orta təhsilini başa vurub. 9-cu sinifdən sonra peşə təhsilinə yiyələnib. Daha sonra 2019-cu ilin iyul ayında hərbi xidmətə yollanıb.
– Döyüşə yollanmağınızdan danışaq. Vətən müharibəsinə nə zaman qatıldınız?
– Müharibə başlayanda mən hərbi xidmətdə 15 ayın əsgəri idim. Tərxis olunmağıma 3 ay qalmışdı. Xidmət dövrüm Bakıda olub. Sentyabrın 27-də müharibə başlayan kimi döyüşlərə qatıldım. İlk Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdim.
– Hansı ərazilərin azad olunmasında iştirak etdiniz?
– İlk döyüşə sentyabrın 27-də Füzuli istiqamətində başladıq. Şuşaya qədər davam etdim. Ən ağır döyüş Füzuli və Şuşa istiqamətində oldu. Şükür ki, istədiyimizə nail olduq. Torpaqlarımızın azad olunmasında iştirak etdiyim üçün qürur duyuram.
– Müharibədən ən yadda qalan hansı anları xatırlayırsınız?
– Müharibədə yaşadıqlarını heç vaxt unuda bilməzsən. Həm kədərli, həm də sevincli çox anlarım olub. Qızğın döyüşlərdən biri idi. Atışma gedirdi. Müddətdən artıq hərbi xidmət edən bir nəfər məndən önə keçdi. Anındaca şəhid oldu. Çox şəhid görmüşdüm. Lakin bu, tam başqa idi. O sanki şəhid olmaq üçün tələsik önə atıldı. Onu unuda bilmirəm.
Bir dəfə əsgər yoldaşımla darağa patron doldururduq. Bu zaman səs gəldi. Səsi eşidən kimi düşündüm ki, “artıq bu, sondur, şəhid olacağıq”. Minaatan mərmisi partlamadı. Bu da bir qismət idi.
Bir dəfə Daşaltı meşəsindən yuxarıda bir yüksəklik var idi. O döyüşün artıq sonumuzun olduğunu düşünürdüm. Şəhid olacağımı düşündüm. Elə silahlardan atəş açırdılar ki, dəhşət idi. O cür güclü döyüşdən heç birimizin burnu belə qanamadı. Fikirləşirdim sağ çıxmaq qeyri-mümkündür. Allah bizi qorudu.
– Ölüm-dirim savaşında idiniz. Hər şey ola bilərdi. O anlarda ağlınıza kimlər gəlirdi?
– Müharibə idi. Hər şey ola bilərdi. Hamı kimi mən də ailəmi düşünürdüm. Heç kəs deyə bilməz ki, düşünmürdüm. Sadəcə döyüşdə vətən sevgisi hər şeyi üstələyir. Ancaq irəli getməyi, düşmənin başını əzməyi düşünürsən.
– Qələbə xəbərini eşidəndə hansı hissləri keçirdiniz?
– Qələbə günü hədsiz çox sevincli idik. Qələbə günü Şuşada idik. Şuşada o xəbəri eşitmək bir başqa idi. Şəhid qardaşlarımıza görə çox üzüldük. Kaş onlar da bu günləri görərdilər. Bizə çox toxundu, lakin sevindik ki, qanları yerdə qalmadı.
– Cəbhədən nə zaman qayıtdınız?
– Hərbi xidmətim demək olar ki, iki il çəkdim. İyul ayının 9-u evə qayıtdım. Evdəkilərə demişdim ki, məni təmtəraqla qarşılamayın. Razı deyildim. Sadə şəkildə qarşılandım.
Əslində mən hava hücumlarının müdafiə qüvvələrində olmalı idim. Orada da iştirak etdim. Amma vətən sevgisi məni quru qoşunlarına yönləndirdi. İrəli getmək istəyirdim. Qarşıya getməyə can atırdım.
– Son baş verən təxribatlardan xəbərdarsınız. Sizcə, yenidən iki il öncəyə qayıdacağıqmı?
– Son baş verən hadisələrdə evdə dayana bilmirdim. Özümə yer tapmırdım. Qardaşlarımız şəhid oldular. Onların qisasını almaq üçün yenidən səngərə gedib döyüşmək istədim. Hərbi komissarlığa müraciət etdim. Adımı könüllülər sırasında qeyd etdirdim.
Qeyd edək ki, Vətən müharibəsi veteran Vasif Musayev göstərdiyi şücaətə görə, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçülər”, “Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif olunub.
Nəzrin Vahid
www.RIA24.az