Şəhid Babayev Rahibin yoldaşı: “Uşaqlarım tabutu görəndə soruşdular, qutudakı bizim atamızdı?” – FOTO

Müharibə

Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Şahbuz rayonunun Külüs kəndində anadan olub.

Rahib Babayev orta məktəbi bitirdikdən sonra C.Naxçıvanski adına hərbi liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. İlk iş yeri Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi “N” saylı hərbi hissə və ilk komandiri isə Polad Həşimov olub.

Azərbaycan Ordusunun mayoru olan Rahib Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərib. “Canavar” postunun alınmasında iştirak edir və sentyabrın 30-da həlak olur. Oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rahib Babayev ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 

Lent.az şəhid Rahib Babayevlə bağlı məqalə dərc edib.

Həmin məqaləni təqdim edirik:

Aygün xanımgilə çatanda, hava qaralmış, yağı. Ordan-burdan çisələyirdi. Əynim nazik olduğundan yağış damcıları boynumu-boğazımı isladır, əsən külək məni üşüdürdü. Aygün xanım qapını üzümə açanda, açıq qapıdan üstümə isti hava kütləsi axdı. Söhbətləşəcəyimiz otaqda şəhidimizin şəkilləri düzülmüş, şkafın üzərində hərbi paltarı qoyulmuşdu. Hər tərəfdən gözümə üç rəng dəyirdi. Mavi, qırmız, yaşıl… Bizim rənglərimiz, bizim bayrağımız. Söhbətimizə də elə bayraqla başladıq:

– Rahib vətənini və bayrağını çox sevirdi. Bütün ömrünü vətənə həsr etdi. Təsəvvür edin ki, on üç, on dörd yaşından bu adam hərb sahəsində idi. O, əsl hərbçi idi. 

– Mən onunla tələbə vaxtı tanış olmuşam. O vaxt universitetdə oxuyurdum, Rahib də hansısa iş üçün bizim universitetə gəlmişdi. Elə orda gördük, bir-birimizdən xoşumuz gəldi. Sonra da ailələrimizin razılığı ilə ailə qurduq. Aramızda təbii ki, sevgi yarandı. 2007-ci ildə tanış olduq, 2008-ci ildə isə həyatımızı birləşdirdik. Ailə quranda, mənim 21, onun 23 yaşı vardı. Bir qızımız, iki oğlumuz dünyaya gəldi. Qızım Mələyin on iki, oğlumun birinin səkkiz, İbrahimin isə 4 yaşı var. 

– Rahib Babayev necə insan idi?

– Çox yaxşı, mehriban adam idi. Hərbçilərin işi bilirsiniz ki, çətin olur. Rahib də işləyirdi, vaxtı az olurdu, amma heç vaxt məni diqqətdən kənarda qoymurdu. O qədər işin, zəhmətin içərisində evə gələndə də mənə, uşaqlara kömək edirdi, onlara mənimlə bərabər əziyyət çəkirdi. Mətbəxdə xörək bişirməkdən tutmuş, süfrə açmağa qədər hər işdə mənə kömək edirdi. Qızımız anadan olanda, mən çox çətinlik çəkirdim, gecələr yuxusuz qalırdım. Onda Rahib işdən gec gəlirdi, amma buna baxmayaraq mənə deyirdi, sən get yat, mən uşağa baxaram. O, yaxşı zabit olmaqla yanaşı həm də çox gözəl ata idi. Uşaqlarını çox sevirdi. Onlar üçün canından keçməyə hazır idi. Rahib Murovda xidmət edirdi. Bizi özü ilə ora aparmırdı. Deyirdi, orda qaz yoxdur, elektrik tez-tez kəsilir. Mənim uşaqlarım gedib orda əziyyət çəkər.

 

Aygün xanım Rahibdən danışır, danışdıqca da keçmişlə bağlı xatirələri gözünün önündə canlanır. Rahibsiz keçib gedən günlərə, onun yoxluğuna təəssüflənir. Bayaqdan başqa otaqda səsli-küylü oynayan uşaqları biz olan otağa girirlər. Anaları onları sakitləşdirir, sakit olmalarını tapşırır. Qızı otaqdan çıxmır. Diqqətlə gah mənə, gah anasına baxır. Ondan atasını necə xatırladığını soruşuram. Cavabı özünəməxsus olur:

– Mən onu çox tez itirdim. Amma, o bizə çox şey öyrətdi. Vətəni sevməyi, bayrağı sevməyi bizə o öyrətdi. Mənim atam şəhid olmazdan əvvəl də qəhrəman idi, indi də qəhrəmandır. Mən hiss edirəm ki, o bizim yanımızdadır. Mən fəxr edirəm ki, elə bir atanın qızıyam. O bizi çox sevərdi. İstəyirəm ki, o gəlsin. Mən onunla söhbət edim. O yenə bizi gəzintiyə aparsın. Son dəfə də olsa, onu qucaqlayım öpüm və söhbət onunla edim.

Sözlərinin sonunu gətirə bilmir qəhər boğazını tutur, azacıq kövrəlir. Amma özünü itirmir, qardaşlarının yanına qayıdır. Aygün xanım söhbətinə qaldığı yerdən davam edir:

– Evdə çox həlim, yolagedən adam idi. Amma qısqanclığı da vardı. Əgər o, evdə yox idisə, mən hara gedirdimsə, mütləq anam mənim yanımda olmalı idi. Mən də artıq neçə illər idi onunla birgə yaşayırdım. Bilirdim nəyi etmək olar, nəyi etmək olmaz. Bir də o heç vaxt xoşlamazdı ki, yoldaşlarının, dostlarının yanında ona zəng vurum, nə vaxt gələcəyini xəbər alım. Mən də onun bu xasiyyətini bildiyim üçün heç vaxt onu narahat etməzdim. Amma ümumilikdə deyib gülən, şən adam idi. İndi onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çətindir. Həmişə bizdən uzaqda olub. Həmişə elə bilmişəm ki, o, gələcək. Ona görə də indi elə bilirəm ki, o, hardasa uzaqdadı, işdədi gələcək. 

Aygün xanım deyir ki, Rahib Murovda ən çox xidmət edən zabitlərdən biri kimi ad çıxarıb. Müharibə vaxtı oradakı həlledici postlardan birini götürməkdə onun həlledici rolu olub:

– Rahib səkkiz il idi Murovda xidmət edirdi. Oranı əlinin içi kimi tanıyırdı. Müharibə başlananda da o, elə Murovda oldu. Oradan hücuma keçdilər. 

– Onunla son görüşünüzü necə xatırlayırsınız?

– Sentyabrın 13-də evə gəldi. Bizimlə vidalaşdı. Dedi, gedirəm, ola bilər ki, bir də gəlmək qismət olmasın. Sözün düzü, onun bu sözünü o qədər də ciddi qəbul etmədim. Amma o, şəhid olandan başa düşdüm ki, o gəliş elə son gəliş imiş. Çünki o, evə heç vaxt iki saatlıq gəlməmişdi. Üstəlik, həmin gün ancaq uşaqlarla vaxt keçirirdi, onları öpüb qucaqlayırdı. Gedəndə də gözü arxada qaldı rahib üç uşağından həqiqətən də doymadı. O, balalarını sevdiyi qədər də onlara həsrət qaldı. Balalarının üzünü doyunca görmədi. Həmişə deyirdi ki, təqaüdə çıxmağıma az qalıb. Onları məktəbə özüm aparıb gətirəcəm. Uşaqlar onun üzünü o qədər gec görürdü ki, sonuncu dəfə Rahib evə gələndə, balaca oğlumu qucağına alanda, uşaq onu tanımayıb ağladı. Onda o qədər pis oldu ki… O sonuncu gəliş bizim həyatımızın həm ən xoşbəxt, həm də ən kədərli günüydü. 

– Sizin ağlınıza gələrdi ki, o, şəhid olacaq?

– Gəlməzdi. Çünki çox zirək adam idi. Həm də bayaq dediyim kimi Murovu əlinin içi kimi tanıyırdı. Həm də neçə illərin zabiti idi. Düşünürdüm ki, ona heç nə olmaz. Amma müharibə başlayanda, ürəyimdə bir sıxıntı əmələ gəldi. Hər an qorxu içindəydim ki, nə isə olacaq. Sentyabrın 28-də onunla danışdım. Mənə dedi ki, Agu, Kəlbəcərə az qalıb. O, təklikdə həmişə mənə Aygün yox, Agu deyirdi. Sən demə onlar orda post ələ keçiriblər, hərbi nailiyyətlər əldə ediblər. Amma mən sonradan bildim ki, mənimlə danışanda, o, ayağından yaralanıbmış. Yüngül yara olub, amma mənə bu haqda heç nə demədi. Sonrakı günlər ona nə qədər zəng vurdum, telefonuna zəng çatmadı. 30-da hərbi hissə ilə danışdım. Dedilər, sağdı. Amma sən demə elə həmin gün səhər o, yenə ayağından vurulub və qan itirmədən şəhid olub. Rahib illərdi qoruduğu zirvənin uğrunda şəhid olmuşdu. 

Rahibin şəhid olma xəbərini bilənlər ciddi cəhdlə bunu Aygündən gizlədirlər. Aygün isə narahat-narahat ev işləri məşğul olur, uşaqları dərsə aparır, televizor və radiodan cəbhə xəbərlərini izləyir. Ona qara xəbər oktyabrın 1-də səhər saatlarında gəlir:

– Ayın 1 idi, oğlumu hazırlığa aparırdım. Rahibin dostu zəng vurdu. Mən onu qabaqladım, dedim, rahibdən bir xəbər varmı? Dedi, bacı özləri gün ərzində sizə xəbər edəcəklər. Soruşdum, nəyi xəbər edəcəklər. Dostu duruxdu, sonra gördüm o, ağlayır. O, ağlayanda, bildim ki, nə isə olub. Ondan sonrasını xatırlamıram. Bir o yadımdadı ki, mən ancaq qışqırıram, ətrafıma da çoxlu adamlar yığışıb. Ayın 2-də onun nəşini evə gətirdilər. Dostu onun üzünü açıb baxmışdı, amma bizə məsləhət görmədilər baxmağa. Həm də mən elə haldaydım ki, nə isə etməyə taqətim qalmamışdı. İndiki halda olsaydım, məcbur tabutu açdırıb baxardım. Həm də yadıma gəlir ki, anam da dedi ki, qoy, yaddaşında necə qalıb, elə də həmişəlik qalsın. 

– Uşaqlarınız ətrafda nə baş verdiyini başa düşürdülər?

– Yox, başa düşmürdülər. Mən çığırırdım, üç uşağım da mənimlə birgə çığırırdı. Onlar atalarının ölümünü dərk eləmirdilər. Qonşularım onlara demişdilər ki, atanız yaralanıb, onu evə gətirirlər. Onlar da qapıda dayanıb gözləyirdilər. Elə bilirdilər ki, ayağında yarası var və o, özü yeriyə-yeriyə evə gələcək. Rahibin dostları tabutu çiyinlərində gətirəndə, uşaqlarım tabutu görüb dedilər ki, bu qutudakı bizim atamızdı? 

Sonra mən onları Rahibin dəfninə də apardım. Dedim, onlar kimi övladı olduğunu anlayıb dərk etsinlər. Qızımla ortancıl oğlum indi nisbətən nə baş verdiyinə bilirlər. Amma balaca oğlum heç nə dərk etmir. Amma səbəbsiz yerdə ağlayır. Onda mən onu aparıram atasının məzarına. Orda sakitləşir, atasının şəklini öpür. Bəzən gecə saat on ikidə biz Rahibin məzarının üstünə gedirik. Əvvəllər olsa, bəlkə də mən qorxardım, amma indi Şəhirdlər xiyabanı bizim əzizimizin, doğmamızın uyduğu bir məkandır. Ona görə ora da bizim üçün doğmadı. 

Aradan iki il keçib, amma mən hələ də onun ölümünə inanmıram. Evdə ona aid əşyaların heç birini atmamışam. Paltarları da şkafda sonuncu dəfə necə asılıbsa, eləcə də qalıb. Çox vaxt şkafın qapısını açıq qoyuram. Paltarlarını görəndə, elə bilirəm ki, o, özü şkafdan mənə baxır. 

– Gələcək sizə necə görünür?

– Çox çətin. Təkbaşına üç uşaq böyütmək çox ağırdı. Amma çalışıram ki, onlar heç nədən korluq çəkməsinlər. Atalarına layiq böyüsünlər. Düşünürəm ki, rahibin övladları pis ola bilməz. Əminəm ki, onun balaları da onun kimi olacaqlar. Çünki onların damarlarında vətən uğrunda canından keçmiş bir kişinin qanı axır. 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir