Vətəndaş ona dəyən külli miqdar ziyanın ödənilməsini istəyir.
Bu barədə şikayətçi Oxu.Az saytının redaksiyasına şikayət ərizəsi ünvanlayıb.
Belə ki, Ülvi Əliyev bildirib ki, “Bakı Ağ Şəhər Ofis Binası” MMC ilə icarə müqaviləsi bağlayıb:
“Belə ki, MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25E ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki 422 kvadratmetr sahədən ibarət restoran illik ƏDV-siz 75960,0 manat icarə haqqı müqabilində mən icarəyə verildi. İcarə müqaviləsinin müddəti 1 sentyabr 2018-ci il tarixdən qüvvəyə minməklə 31 avqust 2028-ci il tarixədək müəyyən edilib. İcarə müqaviləsi bağlandıqdan sonra restoranın işlək vəziyyətinə gətirilməsi üçün, ümumilikdə 319112,0 manat xərc çəkmişəm. Həmin xərcə retorana mənim tərəfimdən alınan avadanlıqlar, yəni stol və stul dəstləri, qab-qacaq dəstləri, bar, musiqi-səs sistemi, barkod-kassa sistemi, dekorativ ləvazimatlar (güllər, tavan gülləri, dipçəklər, divar şəkilləri və.s.), mətbəx üçün avadanlıqlar (mebel və elektrik avadanlıqlar), pərdələr və.s. kimi ləvazimatların alınması daxildir. 2020-ci ilin mart ayından etibarən dünyada və ölkəmizdə baş verən COVID-19 virusunun qarşısının alınması məqsədilə tətbiq olunan qapanmalarla əlaqədar, restoranın da fəaliyyətini dayandırmaq məcburiyyətində oldum.
Restoranın əsas fəaliyyət istiqaməti ümumi şənlik tədbirlərin keçirilməsi olduğundan, pandemiya vaxtı online fəaliyyətin davam etdirilməsi mümkün olmayıb. Buna baxmayaraq, mülkiyyətçi tərəfindən onlayn fəaliyyət göstərilməsi tövsiyə olunaraq, icarə haqqının ödənilməsi tələb olunub. Beləcə, pandemiya vaxtı bəzi aylarda icarə haqqını öz şəxsi vəsaitim hesabına ödəsəm də, restoran fəaliyyət göstərmədiyindən icarə haqqını tam şəkildə ödəyə bilməmişəm. Bundan sonra, mənə icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi və restoranı qısa zaman ərzində boşaldaraq təhvil verməli olmağımla bağlı “Bakı Ağ Şəhər Ofis Binası” MMC-dən xəbərdarlıq məktubları gəldi. Mən icarə müqaviləsinin 10-cu maddəsinə əsasən fors-major hallarının olması (pandemiya) ilə əlaqədar icarə haqqından borcumun yarandığını, ümumiyyətlə qanunvericiliyin və müqavilənin tələblərinə əsasən mənim restoranı təhvil verməyim üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduqlarını bildirirdim. Lakin, buna baxmayaraq restoranı təhvil verməyim üçün təhdidlər edərək, hədə-qorxu gəlirdilər. 20 dekabr 2021-ci il tarixdə səhər tezdən restorana gələndə MMC-nin rəhbərliyi tərəfindən restoranın qapılarının bağlandığını gördüm. Bundan sonra onlarla əlaqə saxladığımda, mənə və işçilərmə restorana girməyin qadağan olunduğunu, onlara olan icarə haqqı borcunu ödədikdən sonra restoranda mənə məxsus olan avadanlıqları mənə təhvil verəcəklərini bildirdilər. Bugünədək, dəfələrlə müraciət etməyimə baxmayaraq, mənə qarşı qanunsuz əməllərinə davam edirlər. Artıq mənə məxsus olan avadanlıqların hamısı yararsız vəziyyətə düşüb. Böyük çətinliklə və əziyyətlə, 319112,0 manat xərc əsasında yaratdığım restoranın qanunsuz əməlləri nəticəsində yararsız vəziyyətə salaraq, mənə külli miqdarda zərər vurmaqla yanaşı, orada işləyən işçiləri də işsiz qoyulub. Restoran bağlanarkən təxminən 8000 manat həcmində ərzaq məhsullarını belə dəfələrlə xəbərdarlıq etsəm də, mənə təhvil verməkdən imtina ediblər. Sonradan mənimlə əlaqə saxlayaraq, həmin ərzaq məhsullarının məhv olduğunu və pis qoxu verdiyi üçün gəlib restorandan götürməyimi bildirsələr də, mən imtina etmişəm”.
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə ziyan vurmaqla törədildikdə əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayəti hesab edilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə qanuni sahibkarlıq fəaliyyətinə mane olma cinayəti hesab olunur. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda vəzifə səlahiyyətlərini aşma cinayəti hesab olunur (308-ci maddənin qeyd hissəsinə əsasən kommersiya təşkilatlarının rəhbərləri, işçiləri, habelə xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər vəzifəli şəxs hesab olunur). Həmin Məcəllənin 322-ci maddəsinə əsasən qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi özbaşınalıq cinayəti hesab olunur.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarının 2-1-ci maddəsində qeyd olunur ki, əmlakın və yaxud əmlaka olan hüququn verilməsi barədə tələb mülkiyyət və yaxud sahiblik hüququna dair sənədlərlə təsdiq olunmaqla qanuni olduqda və yaxud müvafiq sənədələrdən irəli gəlməsə də, ağlabatanlıqla ehtimal edilən hüquqa əsaslandıqda və şəxsin hərəkətlərində özbaşınalıq (CM-in 322-ci maddəsi) kimi cinayətlərin tərkibi olduqda, əməl Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tövsif olunmalıdır.
Beləliklə, “Bakı Ağ Şəhər Ofis Binası” MMC-nin rəhbərləri mənim qanunvericiliyin tələblərinə əsasən icarə müqaviləsi üzrə hüquqlarımı kobud surətdə pozmaqla “BAKU FOOD” MMC-yə, ümumilikdə 327112,0 manat (319112,0 manat avadanlıq və ləvazimatlar, 8000,0 manat ərzaq məhsulları) məbləğində maddi zərər vurublar. Mənə dəyən zərərin qarşılanmasını istəyirəm”, – deyə o qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın müracieti bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılır:
“Araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.
İlhamə Əbülfət
www.102info.az