Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinə üzv dövlətlər üçün mühüm logistika və qovşaq yaratmağı bacarıb. Hazırda isə yeni reallıqlar kontekstində nəqliyyat-kommunikasiya əlaqələrinin dərinləşməsi və optimallaşması üzrə tamamilə yeni bir dəhliz təklif edir.
Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkə kimi Azərbaycan türkdilli ölkələrlə əməkdaşlığa xarici siyasətində daim mühüm yer verib. Təşkilatın tam hüquqlu üzvü Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin müşahidəçi dövlət statusu daşıyan Macarıstan və Türkmənistanla Azərbaycanın ticarət dövriyyəsi 5 milyard ABŞ dollarından çoxdur. 2021-ci ilin statistik rəqəmlərinə görə, təşkilata üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı təqribən 15 faiz təşkil edir. Təşkilata üzv olan dövlətlər 1995-2021-ci illərdə Azərbaycan iqtisadiyyatına 14 milyard dollara yaxın investisiya yatırıb. Azərbaycan isə müvafiq ölkələrin iqtisadiyyatlarına 20,8 milyard dollar sərmayə yönəldib.
Qardaşlıq münasibətlərinin inkişafı
Azərbaycanın türkdilli dövlətlərlə genişlənən əlaqələri Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla, Türkmənistanla imzaladığı strateji tərəfdaşlıq haqqında bəyannamələr, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə” və Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”də öz əksini tapır. Azərbaycan həyata keçirdiyi xarici siyasətlə türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinin inkişafına hərtərəfli dəstək verir, bu dövlətlərlə əlaqələrini daha da genişləndirir. Azərbaycan türkdilli ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi sahəsində də aktiv rol oynayır. Rəsmi Bakının bu siyasi xətti yalnız iqtisadi, nəqliyyat-kommunikasiya, enerji sferasında deyil, bütün sahələrdə, o cümlədən təhlükəsizlik, siyasi dialoqun inkişaf etdirilməsində də özünü göstərir.
Türk dünyası və Mərkəzi Asiya ölkələri ilə əlaqələr
Milli Məclisin deputatı, Türkdilli Ölkələrin Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, politoloq Hikmət Babaoğlu Astanada keçirilən AQEM-in 6-cı Zirvə Toplantısının dünyada baş verən mühüm dəyişikliklər kontekstində baş tutduğunu dilə gətirib. Bildirib ki, AQEM özlüyündə Asiya əhalisinin yüzdə 90 faizini əhatə edən dövlətlərin birliyi kimi çıxış edir. Millət vəkilinin sözlərinə görə, bu, eyni zamanda Asiya iqtisadiyyatının təqribən həmin potensialda inteqrasiyası deməkdir: “Ona görə də bu toplantıda müzakirə olunan məsələlər Asiya üçün regionun gələcəyi və onun Avropa ilə əlaqələri baxımından olduqca əhəmiyyətlidir. Gündəmdə olan əsas məsələlərdən bir də AQEM-in statusu ilə bağlıdır. Əgər bu müşavirə təşkilata çevriləcəksə, bu qurumun tarixində keyfiyyətcə yeni mərhələ başlayacaq və daha səmərəli fəaliyyət göstərmək imkanları yaranacaq. AQEM bəzən Asiyanın ATƏT-i kimi görülür və təqdim edilir. Ona görə də Azərbaycanın bu konfransda iştirakı bir neçə aspektdən olduqca əhəmiyyətlidir”.
Təhlükəsizliyin gələcək strateji arxitekturası
H.Babaoğlu söyləyib ki, bu beynəlxalq platformanın inteqrasiyası üçün rəsmi Bakı mühüm logistika və qovşaq yaratmağı bacarıb. Hazırda isə yeni reallıqlar kontekstində nəqliyyat-kommunikasiya əlaqələrinin dərinləşməsi və optimallaşması üzrə tamamilə yeni bir dəhliz təklif edir: “Bu Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi orta vektor üzrə bütün növ kommunikasiyaların məsafəsini 300 km qısaltmaqla operativ əlaqələr və inteqrasiya təmin etmək imkanlarına sahibdir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev AQEM zirvəsindəki çıxışında bir daha bu məsələyə toxundu. Eyni zamanda, erməni vandalizmini yenidən konfrans iştirakçılarının diqqətinə çatdırmaqla Ermənistanın yenə də regional sülhü təhdid etdiyini bildirdi. Azərbaycan ərazisində bir milyondan çox mina basdıran bir ölkənin indi də kommunikasiyaların açılmasına mane olması, şübhəsiz ki, AQEM ölkələrinin qarşılıqlı inteqrasiyasına da mənfi təsir göstərir. Zirvə toplantısında regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı Azərbaycan Prezidenti bir sıra ikitərəfli görüşlər də keçirdi ki, bunların hər biri milli təhlükəsizliyimizin və regional təhlükəsizliyin gələcək strateji arxitekturası baxımından olduqca əhəmiyyətlidir”.
www.102info.az