İndoneziyada 100-ə yaxın uşağın ölümündən sonra bütün sirop və maye dərmanların satışı dayandırılıb. Belə ki, yerli səhiyyə qurumu bəzi öskürək və soyuqdəymə dərmanlarının kəskin böyrək zədələnməsinə və son bir ildə 99 uşağın ölümünə səbəb olduğunu bildiriblər.
Bu dərmanların yerli istehsal, yoxsa xaricdən gətirildiyi məlum deyil.
Məlumata görə, hazırda dərmanlara görə 200 uşaqda böyrək zədələnməsi hadisəsi aşkar edilib. Onların əksəriyyətinin yaşı beşdən aşağıdır.
Xatırladaq ki, bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 70-ə yaxın uşağın ölümünə səbəb olan dörd öskürək və soyuqdəymə siropu (“prometazin” oral məhlulu, uşaqlar üçün “Kofexmalin” və “Makoff” öskürək siropları, həmçinin soyuqdəyməyə qarşı “Magrip N” siropu) ilə bağlı xəbərdarlıq edib.
Hindistan əczaçılıq şirkəti tərəfindən istehsal edilən sözügedən preparatların tərkibində dietilen qlikol və etilen qlikolun qəbuledilməz səviyyədə olduğunu bildirib. ÜST rəsmiləri bildiriblər ki, bu siroplar potensial olaraq kəskin böyrək zədələnməsinə səbəb olur.
İndoneziya Səhiyyə Nazirliyinin açıqlamasında, ölkədə istifadə edilən bəzi maye dərmanlarda eyni kimyəvi komponentlərin istifadə edildiyi bildirilib.
“Beş yaşından kiçik uşaqlara verilən siropların bəzilərinin tərkibində olması lazım olduğundan daha çox dietilen qlikol və etilen qlikol olduğu ortaya çıxıb”, – deyə Səhiyyə Nazirliyindən bildirilib. Lakin bu zəhərli preparatların neçə nəfərə təsir etdiyi açıqlanmayıb.
Yerli mütəxəssislər İndoneziyada faktiki ölüm nisbətinin daha yüksək ola biləcəyini bildirib.
İndoneziya hökuməti uşaqlarda xəstəlik və ölümə səbəb olan siropların növlərini və markalarını hələ açıqlamayıblar. Hazırda ölkədə bütün sirop və maye dərmanların satışı dayandırılıb.
Mənbə: Cümhuriyyət
www.102info.az