Artıq ABŞ Konqresinə seçkilərə son hazırlıqlar gedir. Noyabrın 8-də baş tutacaq parlament seçkilərində ABŞ Konqresində daha çox hansı partiyanın söz sahibi olacağı müəyyənləşəcək. Deməli, 50 ştat və 1 federal dairədən ibarət olan ölkə parlamentinin – Senatının (100 nəfər üzvü var) 43 üzvünün, Nümayəndələr Palatasının (435 üzvü var) isə tamamilə yenilənməsi gözlənilir. ABŞ-da siyasi cəhətdən ən fəal vətəndaşlardan sayılan ermənilər bu günlərdə xüsusi aktivlik nümayiş etdirirlər. Belə ki, konqresmenlərin yaşadığı ərazilərdə, xüsusilə də Kaliforniya, Nyu-York, Nyu-Cersi ştatlarında olan erməni seçicilər pul kisələrinin ağzını sonuna qədər açaraq yüksək məbləğdə ianələr edir və Konqresə real namizədlərlə görüşlərə gedirlər. Bunlar uzun illərdir ABŞ-da yurd salmış ermənilərin seçkiqabağı ənənəvi fəaliyyətləridir. Bu da onlara ABŞ Konqresində xeyli dostlar qazandırıb. Məhz Ermənistandan səfərdən yenicə qayıtmış ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, konqresmenlər Ceki Speyer, Anna Eşu və Frenk Pellone də həmin dostlardandır.
Azərbaycan Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli “Report”un yerli bürosuna açıqlamasında bildirib ki, uzun illər əvvəl ABŞ-a köç edən ermənilər yüz illər ərzində bu ölkədə yaşayırlar və onların yeni nəsilləri yerli cəmiyyətə qaynayıb-qarışıb:
“Bunun nəticəsidir ki, ermənilərin ölkənin siyasi sferasında çox yaxşı əlaqələri var. ABŞ-da ermənilər konqesmenləri pulla alıblar desək, yalan olmaz. Çünki bu ölkədə seçkiqabağı bütün fəaliyyətlər ianələr hesabına həyata keçirilir. Ermənilər artıq prosesin necə işlədiyini çox yaxşı bilirlər. Onlar ABŞ-da fəaliyyət göstərən erməni iş adamlarından topladıqları pulları bu kimi işlərə xərcləyirlər. Nəticə etibarilə erməni yalanları, əsassız soyqırım iddiaları Konqresdə dəstəklənir. Bir sözlə, erməni lobbisinin səyləri nəticəsində dünyanın yalan olduğunu hayqırdığı mövzularla bağlı qətnamələr hazırlanır və qərarlar qəbul olunur. Təəssüf ki, ABŞ Konqresində vəziyyət budur”.
Onun sözlərinə görə, ABŞ-dakı Azərbaycan icmasının bu kimi fəaliyyətlərdə maarifləndirilməyə ehtiyacı var:
“Azərbaycan icması ABŞ-da olduqca gəncdir. Onlar yeni-yeni müəyyən yerlərdə artıq öz adlarından söz etdirə bilirlər. Əmin olun ki, əgər ABŞ-a ermənilər qədər uzun illər öncə gəlsəydik, daha güclü olardıq. Bizimkilər ABŞ kimi çətin cəmiyyətdə yeni olsalar da, öz əziyyətləri ilə dünyaca məşhur şirkətlərdə, təşkilatlarda işləyirlər. Əminəm ki, yaxın gələcəkdə bu kimi məsələlərdə onların önündə daha güclü duracağıq. Bəzən bu mövzularda azərbaycanlı gənclərlə həmsöhbət oluram. Onlar elə fikirləşirlər ki, seçkiqabağı kampaniyalarda ianələr etmək üçün yüksək məbləğdə pullara ehtiyac var. Ancaq bu düşüncə tamamilə yanlışdır. Əgər siz bir konqresmenin seçkiqabağı kampaniyasına ayda 10 dollar belə ianə etsəniz, bu sizin onlarla əlaqə qurmağınıza kifayət edəcək. Belə ki, ilk ianədən sonra artıq bölgənizdən olan konqresmenin ofisi sizə elektron məktub göndərir. Onlar bütün fəaliyyətləri, görüşləri haqqında məlumatları yazırlar və sizi də tədbirlərinə dəvət edirlər. Beləcə onlarla bir dəfə əlaqə qurmaq gələcəkdə sıx əlaqələrin yaranmasına da kifayət qədər kömək edəcək”.
“Mən cəmiyyət rəhbəri olaraq bir neçə dəfə ziyarətinə getdiyim konqresmenlərlə əlaqə qurmuşam, onların dəvəti ilə bir çox görüş və tədbirlərdə Azərbaycanı təmsil etmişəm. Onları dəfələrlə tədbirlərimizə dəvət etmişik. Xatırlayıram ki, ABŞ Konqresində alman tarixçi Hilmar Kayser adlı bir tarixçi ilə tanış olmuşdum. Həmin vaxtlar o, erməniləri ən çox dəstəkləyənlər arasında idi. Onların tədbirlərinə gedirdi və çıxışlar edirdi. Hətta ermənilərin nəşr etdirdiyi soyqırım yalanlarından bəhs edən bir kitabın təqdimatına belə qatılıb əleyhimizə çıxış etmişdi. Biz onunla görüşdük və həqiqətdə vəziyyətin necə olduğunu izah etdik. O bizimlə söhbətdən sonra tamamilə düşüncələrini dəyişdi və bizim tərəfimizə keçdi. Bir neçə dəfə Nyu-Cersi, Pensilvaniya ştatlarında keçirilən tədbirlərimizə də qatıldı, çıxışlar etdi. Bizim bu kimi güclü əlaqələrə ehtiyacımız var. Düşünürəm ki, son vaxtlar ABŞ-dakı icmamız olduqca güclənib. Əminliklə deyə bilərəm ki, ABŞ-da güclü Azərbaycan diasporu yetişir. Burada dili, mədəniyyəti yaxşı bilən və amerikalı dostları olan gənclərimiz var. Onlar təhsil aldıqları universitetlərdə tez-tez tədbirlər keçirir, Azərbaycan həqiqətlərini ABŞ icmasına təqdim edirlər. Əgər belə davam edərsə, yaxın gələcəkdə biz onların səsini ABŞ Konqresində də eşidəcəyik”, – E.Yerdələnli vurğulayıb.
www.RIA24.az