Ötən əsrin 60-cı illərində inşa edilən Zaqatalanın Yeni Suvagil kəndinin tibb məntəqəsinin binası hazırda yararsız haldadır.
5500 nəfər sakini olan Yeni Suvagil kəndi Zaqatala və Qax rayonlarının sərhədində yerləşir.
Tibbi xidmətdən məhrum qalan sakinlər rayon mərkəzinə getmək üçün 20 kilometr məsafə qət etmək məcburiyyətində qalırlar.
Kənd sakinlərinin sözlərinə görə, tibb məntəqəsinin divarları çat, döşəməsi qırıq, tavanı isə qəzalı vəziyyətdədir.
Yeni Suvagilin köhnə və yararsız tibb məntəqəsinin aqibəti ilə bağlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasından şifahi olaraq bildirilib ki, sözügedən kənddə və ətraf ərazilərdə yaşayan vətəndaşların tibbi xidmətlərdən daha əlçatan şəraitdə yararlanması üçün yeni tibb müəssisəsinin tikintisi ilə bağlı müraciət olunub və yeni binanın tikintisi nəzərdə tutulub.
İnsan üçün həyatda ən vacib nemət onun sağlamlığıdır.
Bəs görəsən, yeni tibb müəssisəsi tikilənə qədər minlərlə sakin sağlamlığını necə qorumalıdır?
Qeyd edək ki, 1961-ci ildən kənd xəstəxanası kimi fəaliyyətə başlayan səhiyyə müəssisəsi Yeni Suvagillə yanaşı, ətraf altı kəndin sakinlərinə də xidmət edib. Son 20-25 ildir baxımsızlıqdan qəzalı vəziyyətə düşüb.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.102info.az