Nazir: “Azərbaycan və Aİ arasında ikitərəfli sazişdə ətraf mühit məsələləri mühüm yer tutur”

Cəmiyyət

“Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli münasibətləri müəyyən edəcək ikitərəfli sazişdə ətraf mühit məsələləri mühüm yer tutur”.

Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bütün dünyada milli proqnoz qurumlarının potensialının artırılması ölkələrin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir:

“Biz Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən ölkələrə göstərilən dəstəyi yüksək qiymətləndirir, qurumla işgüzar əməkdaşlığımızı davam etdiririk. Hazırda Azərbaycan tvinninq layihələrinin sayı üzrə regionda liderdir və müxtəlif illərdə ölkənin müxtəlif qurumlarının benefisiar olduğu tvinninq layihələri Avropa Komissiyası tərəfindən ən uğurlu layihələr statusunu alıb.

Bugünkü layihənin də yaxın illərdə uğurla icra ediləcəyinə inanırıq. Layihə Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Ölkənin hidrometeoroloji şəraitinin mürəkkəbliyi və onun iqlim riskləri ilə əlaqədar təhlükələrə qarşı olduqca həssas olması hidrometeoroloji fəaliyyətin səmərəliliyinin artırılmasının ən prioritet məsələlərdən olduğunu göstərir.

Biz əminik ki, layihə Azərbaycanda hidrometeorologiyanın müasir beynəlxalq təcrübəyə və tələblərə uyğun fəaliyyət göstərməsinə dəstək verməklə ölkəmizin təbii fəlakətlərə qarşı tələb olunan səviyyədə müqavimət göstərmə imkanlarının artması, təhlükə və risklərin azalması və iqlim amilləri ilə bağlı insan tələfatının və iqtisadi itkilərin qarşısının alınması sahəsində mühüm rol oynayacaq.

M.Babayev əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə dövlət başçısının sərəncamları ilə “Ağıllı” şəhər və “Ağıllı” kənd konsepsiyasına uyğun quruculuq işləri geniş vüsat alıb:

“Yeni infrastruktur obyektləri istifadəyə verilib, beynəlxalq əhəmiyyətə malik aeroportlar inşa edilir. Bütün bu işlərin həyata keçirilməsi və planlaşdırmanın düzgün aparılmasında hidrometeoroloji xidmətlər həyata keçirilir, müasir avtomat hidroloji və meteoroloji avtomat stansiyalarla müşahidə şəbəkəsi bərpa olunur. Burada gələcək planlarımıza uyğun olaraq növbəti illərdə daha irimiqyaslı layihələrin həyata keçirilməsi planlaşdırılır.

Regionda hidrometeoroloji təhlükəsizliyin təmin edilməsinə biz öz töhfəmizi verməyə, yeni müşahidə sistemlərindən əldə etdiyimiz məlumatları paylaşmağa hazırıq. Yalnız səylərin birləşdirilməsi bizə iqlim risklərinə qarşı dayanıqlılığı artırmağa imkanı verəcək. Bu baxımdan layihə texniki fəaliyyət və kommunikasiya imkanlarının gücləndirilməsi, o cümlədən iqlim məlumatlarının idarə edilməsi, proqnozlaşdırma, erkən xəbərdarlıq sahələrində yerli kadrların potensialının artırılmasında mühüm rol oynayacaq”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir