Artıq 5-ci ildir ki, minaların və müharibənin partlayıcı qalıqlarından zərər çəkənlərin sayı artmaqdadır və bu dövrdə dövründə 5554 nəfər zərər çəkən qeydə alınmışdır. İtkilərin böyük əksəriyyətini (80%) hələ də mülki şəxslər təşkil edir, bunun da təxminən yarısı 43% uşaqlardır.
Bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib.
O bildirib ki, bununla bağlı Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya Landmine Monitor Report 2020 hesabatı ictimaiyyətə təqdim olunub. Bu Hesabat dünyada minalar əleyhinə fəaliyyətin bütün aspektlərini əhatə etməklə sayca 22-ci illik hesabatdır.
Hesabatda bildirilir ki, bu Konvensiyanın imzalanmasından keçən 23 il ərzində dünyanın 80% ölkəsi yəni 164 ölkə “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya üzv olmuşdur. 33 dövlət o cümlədən də Cənubi Qafqaz ölkələri bu Konvensiyaya qoşulmayıb.
Hesabat dövründə ölkələrdən yalnız Myanmanın hökümət qüvvələrinin minalardan istifadə etdiyi qeydə alınıb. Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland və Türkiyə ərazisi isə daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır.
Son hesabatda bildirilir ki, 38 ölkənin ərazisində və 3 qeyri-dövlət ərazidə minaların məhv edilməsi əməliyyatları aparılıb. Hesabat dövründə 156 kvadrat km ərazi minalardan təmizlənib. 123 min ədəd piyada əleyhinə mina tapılaraq məhv edilib. Ərazisinin minalardan tam azad elan edən ölkələrin sayı 31 -ə çatıb. 41 ölkə mina istehsalını dayandırdığını bildirmiş, yalnız 11 ölkədə istehsal hələ də qalmaqdadır.
Hesabatda bildirilir ki, Azərbaycan Respublikası rəsmi olaraq bildirib ki, bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləsə də özünün ərazi bütövlüyünün pozulması səbəbindən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya qoşula bilmir. Bu səbəbdən də Azərbaycan Respublikası yalnız Ermənistanla konflikt həll olunduqdan sonra bu Konvensiyaya qoşula bilər. Azərbaycan dəfələrlə bildirmişdir ki, piyadalar əleyhinə mina istehsal və eksport etmir.
Hesabat dövrünün sonuna Azərbaycanda rəsmi olaraq 2 439 nəfər mina – müharibənin təhlükəli qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2 min 056 nəfər yaralanıb.