Ağdamda dörd minadan ibarət tələ-mina aşkarlanıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Ermənistanın quraşdırdığı mina sahələrinin miqyası, kütləviliyi, eləcə də yüksək və ölümcül partlayışın baş verməsi məqsədilə basdırdığı tələ-minaları mülki əhaliyə qarşı yönələn terrorun təzahürüdür. 2022-ci 2 noyabr tarixində Cəbrayıl rayonunun Mehdili kəndində baş verən hadisə zamanı 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu da növbəti mina partlayışının qurbanı olub.
ANAMA tərəfindən aparılan təmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları, ölüm ehtimalını artıran mina-sürprizlərə rast gəlinir.
Belə ki, Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində aparılan təmizləmə əməliyyatları zamanı mülki təyinatlı ərazilərin ətrafında bir ədəd tank əleyhinə “TM-62P3” minasının üzərinə bir ədəd piyada əleyhinə “PMN-2” minasının, eləcə də üç ədəd üst-üstə yerləşdirilən tank əleyhinə “TM-62P3” minasının üzərinə bir ədəd piyada əleyhinə “PMN-2” minasının yerləşdirilməsi faktları aşkar edilib.
Qeyd edək ki, tərkibində yeddi kiloqram partlayıcı maddə olan tank əleyhinə mina texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub. Aşkar olunan tank və piyada əleyhinə minalardan ibarət üst-üstə qoyulan tələ-minaların partlayışı nəticəsində nəinki insanın sağ qalma ehtimalı, hətta texnikanın hər hansı bir hissəsinin yararlı halda qalması sıfıra bərabərdir.
“ANAMA vətəndaşlara bir daha müraciət edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmasınlar, yalnız təyin olunan marşrutlardan istifadə etsinlər. Rast gəldikləri naməlum əşyalara toxunmaq, zərbə yetirmək və ya müdaxilə etmək qəti qadağandır!” – məlumatda qeyd olunub.
www.102info.az