Türkiyənin paytaxtı Ankarada altı fransalı senatorun Azərbaycana qarşı qətnamə layihəsini Fransa Senatına təqdim etməsinə etiraz məqsədilə aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV), Ankaradakı Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan aksiyada qardaş ölkədə fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatlarının nümayəndələri və Azərbaycandan gələn şəhid ailələrinin üzvləri iştirak ediblər.
Türkiyə və Azərbaycanın dövlət bayraqlarını dalğalandıran, Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini əks etdirən fotoplakatlar nümayiş etdirən aksiya iştirakçıları ölkəmizə qarşı qərəzli ittihamların yer aldığı, Fransa və digər Aİ ölkələrini Azərbaycandan neft və qaz idxalına embarqo qoymağa çağıran ermənipərəst qətnamə layihəsinə, Fransanın Azərbaycan və Türkiyə əleyhinə qərəzli mövqeyinə sərt etirazlarını bildiriblər. Aksiyanın gedişində Azərbaycanı dəstəkləyən şüarlar səsləndirilib.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADİV-in rəhbəri professor Aygün Attar aksiya iştirakçılarının etiraz bəyanatını təqdim edib.
Bəyanatda bildirilib ki, aksiya iştirakçıları 30 il terrorçu Ermənistanın təcavüzü altında olan torpaqlarını beynəlxalq hüquqa uyğun olaraq işğaldan azad edən Azərbaycanla həmrəyliyini bir daha ifadə edir, Fransanın Qarabağ Zəfərini həzm edə bilməməsinə öz etiraz səsini ucaldır. Fransanın da daxil olduğu ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan xalqına qarşı törədilən bəşəri cinayətlərə, o cümlədən Xocalı soyqırımına göz yumması bütün bu cinayətlərin baş verməsinin əsas səbəbi kimi qiymətləndirilib.
Fransanın 1945-ci il mayın 8-də Əlcəzairin Setif və Guelma şəhərlərində törətdiyi qətliamlar zamanı 1 milyon insanı öldürdüyü, 800 min nəfər günahsız insanın qətlə yetirildiyi Ruanda soyqırımında məhz Fransanın günahkar olduğuna dair beynəlxalq hesabatların mövcud olduğu nəzərə çatdırılıb. Əsassız şəkildə Azərbaycanı və Türkiyəni ittiham edən, PKK və erməni terror təşkilatlarını dəstəkləyən, ASALA terror təşkilatından yardım uman Fransanın sanki Qarabağ münaqişəsi davam edirmiş kimi görkəm yaratmaq və bununla özünə rol qazanmaq cəhdini “heyrətləndirici” adlandıran bəyanat müəllifləri Ermənistanın Azərbaycanda törətdiyi hərbi cinayətləri xatırladıblar. Bu faktlara Fransanın göz yumması şiddətlə qınanılıb.
Aksiya iştirakçıları Fransanın sərgilədiyi düşmənçilik xislətini dayandırmasını, Fransa Senatı Azərbaycana qarşı sanksiya sənədi qəbul etdiyi halda, bu ölkənin məhsullarının kütləvi şəkildə boykot olunmasını, Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə 275 nəfərin həyatına bais olan Ermənistanın mina terroruna son qoyulmasını tələb ediblər.
Bəyanat aksiya iştirakçıları adından səfirliyə təqdim olunub.
www.RIA24.az