“Laçın rayonunun işğal altına düşməsi böyük faciə idi. Mən bir daha demək istəyirəm ki, hər bir rayonun işğal altına düşməsi faciə idi. Amma Laçın rayonunun işğalı imkan verdi ki, artıq Ermənistan ilə Dağlıq Qarabağ arasında yol bağlantısı olsun.
1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə gün sonra Laçının işğal altına düşməsi böyük itkimiz idi. Artıq Ermənistan bu dəhliz vasitəsilə silah-sursat, canlı qüvvə göndərirdi. Əlbəttə ki, bu, böyük itkilərə gətirib çıxardı. Ondan təxminən bir il sonra Kəlbəcər rayonu işğal altına düşdü”.
Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
“Demək olar ki, bütün bunlar sonrakı işğal üçün zəmin yaratdı. Onu da bir daha demək istəyirəm ki, Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi. Bu mübarizəni aparanlar Laçını, Şuşanı, Kəlbəcəri düşmənə satdılar, demək olar ki, Azərbaycan dövlətçiliyini uçurum kənarına qoydular. Biz bütün bu tarixi yaxşı xatırlayırıq. Bu gün Laçın rayonunu bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad etmək böyük qələbəmizdir.
Mən bir daha demək istəyirəm, – artıq onu demişəm, – onsuz da biz Laçını da, Kəlbəcəri də, Ağdamı da alacaqdıq. Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var.
Kəlbəcər rayonuna əvvəlki, sovet dövründə gedən yol Ağdərə rayonundan keçirdi. Sovet vaxtında bu rayona Mardakert deyilirdi, orada ermənilər yaşayırdı. Başqa yol demək olar ki, yox idi. Biz indi Kəlbəcərə Göygöl və Daşkəsən rayonlarından daxil olmuşuq.
Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı”, – deyə Prezident bildirib.
İ.Əliyevin sözlərinə görə, bizim qələbəmiz tarixi Qələbədir:
“Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur.
Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar.
Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır – yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat.
Bu, gələcək perspektivlərimizi diktə edəcək. Ona görə biz buna hazır olmalıyıq və öz strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu bölgədə bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun qarantı Azərbaycan Ordusudur. Əgər bu bölgənin coğrafiyasına hər kəs baxsa görər ki, bu gün Ermənistanı Dağlıq Qarabağla 5 kilometr enində dəhliz birləşdirir”.