Müharibədə yazılan şeirlər: “İgidlərin sözü” – VİDEO

Cəmiyyət

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, “İgidlərin sözü” layihəsinin müəllifi və rəhbəri şairə Nigar Həsənzadənin təşəbbüsü ilə “İgidlərin sözü” adlı antologiyanın ictimaiyyət üçün geniş təqdimatı keçirildi. Qeyd edək ki, “İgidlərin sözü” kitabının ilk təqdimatı bu ilin yay ayında Şuşada keçirilən Vaqif Poeziya günlərində olub.

Kitab təqdimat mərasimində Milli Məclisin deputatları Qənirə Paşayeva, Ceyhun Məmmədov, “YAŞAT” Fondunun sədri Elvin Hüseynov, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, aprel döyüşlərinin, Vətən müharibəsinin iştirakçısı ehtiyatda olan polkovnik leytenant Elmar Hüseynov, “Şəhid analarına dəstək” İctimai Birliyinin üzvləri, şəhid ailələri və övladları, Vətən müharibəsi iştirakçıları, Azərbaycan mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər.

Azərbaycan himni səsləndirildikdən sonra, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Tərbirdə çıxış edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən uğrunda döyüşən qəhrəmanlarımızın sözü və əməlinin bir olduğunu, qanları ilə tarix yazan igidlərin, həm də tarixdə qalacaq sözlərinin bir kitabda şer kimi toplanmasını alqışladığını qeyd edib. O, bu gün Azərbaycanın dünyadakı nüfuzundan, prezident İlham Əliyevin apardığı uğurlu daxil və xarici siyasətdən, eyni zamanda şəhid və qazi ailələrinə göstərilən diqqətdən danışıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında “İgidlərin sözü”nün uğurlu bir layihə olduğuna diqqət çəkib.

Kitabın təqdimat mərasimində iştirak edən “YAŞAT” Fondunun sədri Elvin Hüseynov qeyd edib ki, Azərbaycanın mərd oğulları sözün həqiqi mənasında tarixi ədaləti bərpa edirlər. Bu səbəbdən də Vətənin mərd oğullarından bəhs edən, onların sözlərinin məcmuəsinə çevrilən bu kitabı uğurlu bir layihə adlandırıb. 

Mədəniyyət Nazirliyinin kitab bölməsinin müdiri Akif Maarifli qələbəmizin tarixi əhəmiyyətini qeyd edərək, bu sahədə nəşr edilən kitablardan və keçirilən tədbirlərdən danışıb. 

“İgidlərin Sözü” kitabının tərtibatçısı və redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist Aida Eyvazlı Göytürk öz çıxışında bildirdi ki, belə bir kitab heç də asan başa gəlməyib:

“Redaktoru olduğum “İgidlərin sözü” antologiyasında söz-söz, sətir-sətir yandım, qovruldum, bənd-bənd dirçəldim, bütövləşdim. Vətən kimi bütövləşdim! Bu sözləri yazan igidlərin hər biri Vətəndir! “İgidlərin sözü” antologiyasında aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov, II Qarabağ şəhidləri polkovnik-leytenant Elzamin Təhməzov, baş gizir Mehman Yusifov, Saleh Əliyev, Kərim Əhmədbəyli, şəhid əsgərlər Şahgündüz Cabbarov, Xəyyam Hüseynov, Murad Mayıl oğlu Nəbiyevin də şerləri yer alıb”. 

Tədbirin ədəbi-musiqili hissəsində isə yaralı olarkən təcili yardım otağında oxuduğu “Anadır arzulara hər zaman Qarabağ” mahnısı ilə məşhurlaşan Vətən müharibəsi qazisi Məbud Əhmədov da iştirak edib. O, yenidən həmin ifasını tədbir iştirakçılarına ərməğan edib. Onu isə Vətən müharibəsi iştirakçıları Fərid Atazadə, şəhid Toğrul Hacıyevin qardaşı Toğrul Ülvi Hacıyev, eləcə də “Ritm alətləri” ansamblı, İdris Hüseynov, Hacıbala Həşimov müşayiət ediblər. 11 yaşlı Həzrət Əzizli də iştirakı ilə tədbir iştirakçılarına xoş aura yaşadıb. 

Daha sonra kitabda şerləri işıq üzü görən Vətən müharibəsi iştirakçıları Vüsal Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu , Tofiq Əhməd, Eyvaz Əyyub, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayevin, Tamerlan Əsədov öz şerlərini səsləndiriblər. Qəhrəmanlarımızın hər birinin çıxışından sonra ehtiram əlaməti olaraq ayaq üstə alqışlanıblar.

Tədbirin sonunda “Söz” və “İgidlərin sözü” layihələrin müəllifi və rəhbəri şairə Nigar Həsənzadə qeyd edib ki, bu gün digər günlərlə müqayisədə çox özünəməxsusdur: 

“Bu gün adi günlərə bənzəmir. İnanırıq ki, məclisimizə dəvət etdiyimiz şəhid anaları, şəhid övladları, sözü böyük olan qazilərimizin yaxınları, doğmaları bu günü, onlara yaşatdığımız bu gözəl və həzin, bir az sevinc və kədər qarışıq anları ən əziz xatirə kimi, ən şirin söz kimi hər zaman yaddaşlarında saxlayacaqlar. Necə ki, biz bu böyük Zəfəri yazanları unutmuruq! Onların sözlərini də heç vaxt unutmaq olmaz. Çünki o söz igidlərin sözüdür!”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir