“Mərmər soyuğu” filmi ardıcıl iki festivala qatılacaq

Mədəniyyət

“Mərmər soyuğu” filminin qatılacağı növbəti festival məlum olub.

APA xəbər verir ki, rejissoru Asif Rüstəmov olan film Asiya premyerasını Beynəlxalq Hindistan film festivalında edəcək.

Sözügedən festival 20-28 noyabr tarixlərində baş tutacaq. Nüfuzlu festivallardan olan tədbirdə müsabiqə iştirakçıları “Qızıl tovuzquşu” mükafatı uğrunda mübarizə aparacaqlar.

“Mərmər soyuğu” Avropa premyerasını isə digər bir nüfuzlu festival olan “Tallin Qara Gecələr Film Festivalı”nda edəcək. Bu festival isə 11-27 noyabr tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək.

Xatırladaq ki, filmdə bir rəssamın sevgi hekayəsindən bəhs edilir. Uzun illər həbs həyatını yaşamış atanın evə qayıdışı və ən radikal yollarla oğlunun həyatını yoluna qoymağa çalışması filmin əsas süjet xəttini təşkil edir.

Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və niderlandlı həmkarı Roelof Yan Minnebu, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Giyom de Sey, kreativ prodüser isə İradə Bağırzadədir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir