Dünən, noyabrın 16-da Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Julien Leşi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Fransa Senatının noyabrın 15-də qəbul etdiyi anti-Azərbaycan qətnaməsi ilə bağlı etiraz notası təqdim olunub. Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi və Parlamenti Fransanın qətnaməsini qınayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da kəskin çıxış edərək, Fransa Senatının qərarını “qalmaqallı” adlandırıb.
Ermənistanda isə eyforiya hökm sürür. Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qarşı sanksiyaların tətbiqi təklifinə görə fransalı həmkarlarına təşəkkür edərək Fransanı “demokratiyanın beşiklərindən” biri adlandırıb. Bundan başqa Ermənistan mətbuatı yazır ki, “Fransa Senatında qəbul edilmiş qətnamə qanuni yolla seçilmiş xalq nümayəndələrinin qərarı olduğu üçün hüquqi qüvvəyə malikdir”, hərçənd, bildiyimiz qədərilə, bu, tamamilə yalandır.
Hər bir halda qəbul edilən bu qətnamə nədir? Bu barədə Oxu.Az fransalı hüquqşünas və politoloq, həmyerlimiz Zaur Sadıqbəyli ilə söhbət edib.
– Fransa Konstitusiyasının 34-1-ci maddəsi var ki, buna görə “Parlament Palataları orqanik qanunla müəyyən edilmiş şərtlərə uyğun olaraq qərarlar qəbul edə bilər. Əgər hökumət qətnamə layihəsinin qəbulunun və ya rədd edilməsinin onunla bağlı suallar yaradacağını və ya onun ünvanına əmr xarakteri daşığıdığı hesab edərsə, o zaman həmin layihələr baxıla və gündəliyə salına bilməz.
Belə çıxır ki, Fransa parlamentinin hər iki palatası qətnamələr qəbul edə bilər, lakin onlar ancaq məsləhət xarakteri daşıyırlar. Deməli, Fransa Senatında qəbul edilmiş qətnamənin hüquqi qüvvəyə malik olması barədə söhbətlər də növbəti erməni feykidir. Fransa Senatının qərarının heç bir hüquqi qüvvəsi yoxdur. Bu, Beşinci Respublikanın (Fransa tarixinin 1958-ci ildən bu günə qədərki dövrü – red.) banisi və ilk prezidenti Şarl de Qollun dövründən belədir. Dördüncü Respublikada parlament sistemi var idi və parlament hökumətə bir növ nə edəcəyini göstərən qərar qəbul etdikdə, icraedici hökumət isə bunu yerinə yetirmədikdə, vəziyyət etimadsızlıq səsverməsinə səbəb olurdu. Nəticədə baş nazir istefa verirdi. Şarl de Qoll beşinci respublikanı yaradanda bu vəziyyəti dəyişdi.
Fransa Senatının bu qətnaməsində fayda da var, çünki qüvvələrin tutuşdurulması olub. Bakı indi dəqiq bilir ki, Fransa Senatında Azərbaycana dost olmayan 295 nəfər var. Həmçinin Senatın qətnamənin əleyhinə çıxan bir senatoru və onlarla bitərəf üzvü var. Yeri gəlmişkən, Fransa Senatının sədri Jerar Larşe səsvermədə iştirak etməyib, baxmayaraq ki, onu tamamilə ermənipərəst adlandırmaq olar. Ola bilsin ki, son günlər göndərdiyimiz müraciətlər, məktublar ona təsir edib.
Fransa Senatında 348 deputat var. Azərbaycana orada obyektiv mövqe tutan 175-176 senator lazımdır. Belə olanda bütün erməni “murzilka”sı dağılacaq. Bu gün bir səsimiz var, lakin tarix öyrədir ki, hər şeyin sonu deyil – işləmək lazımdır.
– Amma hazırda Senatın qətnaməsi, görünür, Fransa isteblişmentinin mövqeyini əks etdirir (yeri gəlmişkən, onlar artıq parlamentin aşağı palatasında oxşar qətnamənin tezliklə qəbul ediləcəyini bəyan ediblər). Fransanın belə bir vəziyyətdə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə hansısa vasitəçilik səyləri təklif etməyə mənəvi haqqı varmı?
– Mən də elə bu barədə danışıram. Bu 295 senator Fransanın milli maraqlarına zidd olan sənədi önə sürüblər. Yeri gəlmişkən, müxtəlif qrupları təmsil edən bir qisim senator bu barədə danışıb, bəziləri hətta şifahi şəkildə buna qarşı çıxıblar. Lakin faktiki olaraq yalnız Natali Qule əleyhinə səs verib, qalanları isə bitərəf qalıb.
Fransanın mövqeyini bilirəm. Çox güman ki, yaxın gələcəkdə Xarici İşlər Nazirliyinin və ya Yelisey Sarayının bəyanatı gələcək, mahiyyəti də Fransa hökumətinin parlamentin müstəqilliyini tanıması barədə olacaq. Onlar hesab edirlər ki, deputatlar öz mandatları çərçivəsində istənilən qətnamə qəbul edə bilərlər.
Məsələnin mənəvi tərəfindən danışsaq, təbiidir ki, hər belə qərarla Parisin Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı mövqeyi getdikcə daha da zəifləyir. Fransa artıq eşidilmir. Bir neçə gün əvvəl Fransa nəşrinə müsahibə verdim. Orada Fransanın danışıqlar aparmaqda mahir olduğunu deyən Emmanuel Makronun sözləri ilə oynadım. Dedim ki, bu cür bəyanatlar, çıxışlar, qərarlar sayəsində Fransa çoxdan “danışıqların gücdən düşdüyü” ölkəyə çevrilib. Fransız dilində bu ifadənin iki mənası var və bunlardan biri impotensiyadır. Yəni Fransa “impotent vasitəçi”yə çevrilib, bu qədər.
Nair Əliyev
www.RIA24.az