Güney Azərbaycan türkləri bütün baxımlardan İranın dayağıdır. Uzağa getmirik, son yüz ildə onlar bu ölkənin inkişafı, müdafiəsi və tərəqqisi üçün minlərlə övladını itiriblər, milyonlarla azərbaycanlı yurd-yuvasından olub, çoxsaylı məzlumiyyətlərlə üzləşib. Ancaq İranın dövlət olaraq varlığı üçün göstərdikləri fədakarlığa baxmayaraq, Azərbaycan türklərinin adi milli hüququ belə təmin olunmayıb. Onun öz dilində bir siniflik məktəbi belə yoxdur. Azərbaycan türkləri ana dilini ancaq imkanları daxilində öyrənirlər. Yəni bu dili akademik səviyyədə öyrənmək imkanından məhrumdurlar. Dünyaya gələndən bütün həyatları boyunca yalnız fars dilinin təsiri altında yaşayırlar.
Təxminən, 5 il əvvəl baş verən bir hadisəni yada salaq. Bu hadisə İranın ali lideri ayətullah Xameneinin İraqla müharibədə həlak olanların ailə üzvləri ilə görüşdə baş verib. “Şəhid Zindədil”in nəvəsi olaraq təqdim edilən uşaq çəkdiyi bir rəsmi ona göstərir. Xamenei fars dilində rəsm haqqında bir neçə sual verdikdən sonra uşaqdan türk dilində soruşur: “Sən türksən, ya farssan?” Anası oğlunun türk dilini anladığını, ancaq danışa bilmədiyini deyir. O, yenidən fars dilində danışaraq anasına evdə uşağa türkcə öyrətmələrini tövsiyə edir: “Farscanı məktəbdə, küçədə və bu kimi yerlərdə öyrənirlər. Siz evdə ona türkcə öyrədin ki, türkcəni bilsin. Farscanı da bilir, olar ikidilli”. Panfarsçılar və Azərbaycana qarşı olan qüvvələr bu çıxışı tərifləyərək paylaşır, rəsmi Bakıya cavab kimi təqdim edirlər. Çox faciəli və gülünc vəziyyətdir. Bu, Azərbaycan türkü sayılan İran lideri Xameneinin öz ana dilinin tədrisinə, öyrənilməsinə münasibətidir. Axı Azərbaycan türkünün öz dilində təhsil alması kimi məsələlər bu ölkənin konstitusiyasında var. Ali rəhbər nədən türkcənin tədrisi məsələsinə dair vəziyyəti yoxlamır? Harada görünüb ki, dili yalnız evdə öyrənirlər. Mütəxəssislər bildirirlər ki, dil tədris olunmaqla yaşayır, inkişaf edir. Dil canlıdır. O, təhsilin tərkib hissəsidir. Milyonlarla Azərbaycan türkünün evdə öyrəndiyi isə mətbəx dilidir. O dil dövlət müəssisələrində, elm və təhsildə tətbiq olunmursa, assimilyasiya olar. Bunun nəticəsidir ki, Təbrizdə və Ərdəbilin yerli teleradiolarında danışıqların yalnız felləri Azərbaycan türkcəsində olur. Elə Xamenei də türkcə bir az çox söhbət eləsə, qarmaqarışıq bir dil ortalığa qoyar. Niyə? Çünki o da fars dili və ədəbiyyatının təsiri altında mədəni assimilyasiyaya məruz qalıb.
Bu arada, illər əvvəl Xamenei İranın milli vəhdət amilinin İslam dini olduğunu bildirmişdi. O vaxt prezident olan Məhəmməd Xatəmi bu açıqlamanın səhəri günü ali rəhbərinə cavab vermişdi: “İranın milli vəhdət amili fars dili və mədəniyyətidir”. İranda fars olmayan dilləri, o cümlədən Azərbaycan türkcəsinin tədrisini təhlükəli sayırlar. Bunu hətta parlament kürsüsündən deputatlar belə açıqcasına bildirirlər. Tehranın parlamentdəki nümayəndəsi və qurumun Təhsil, tədqiqat və texnologiya komissiyasının sədr müavini Əhməd Nadiri qeyri-fars dillərin tədrisi təklifinə qarşı çıxaraq deyib: “Bu, İranın ərazi bütövlüyü üçün təhlükəlidir”. Onun sözlərinə görə, hökumət və parlamentin borcu fars dilini qorumaqdır.
Yeri gəlmişkən, Azərbaycan türkcəsində təhsillə bağlı çoxsaylı müraciətlər Tehran hakimiyyəti tərəfindən etinasız qarşılanıb. Hətta ötən il parlamentə ünvanlanan məktubda məsələnin tərbiyəvi və psixoloji tərəfləri də qabardılmışdı: “Ana dili farsca olmayan uşaqların məktəbəqədər və ibtidai sinifdə farsca təhsil alması çox çətindir”. Məktub müəllifləri uşaqların psixi sağlamlığı və rahatlığı üçün ana dilində təhsil haqqında qanunun qəbul edilməsinin vacibliyini vurğulamışdı. Bu, son illərdə İran hakimiyyətinə ünvanlanan çoxsaylı müraciətlərdən biridir. Nəticə isə dəyişməyib.
Əslində, Azərbaycan türkləri təkcə dillə bağlı ayrı-seçkiliyə məruz qalmırlar. Güney Azərbaycanda məktəb binaları problemləri də var. Mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətinin valisi Məhəmmədsadıq Mötəmedian bölgədə təhsilin inkişaf göstəricilərini yaxşılaşdırmaq üçün ən azı 9000 yeni sinif otağının tikilməsinə ehtiyac olduğunu bildirib. O, bu problemlə bağlı ölkənin bütün instansiyalarına müraciət etdiyini deyib. Qərbi Azərbaycan əyaləti təhsil göstəriciləri üzrə İranda 31 əyalət arasında 29-cu yeri tutur. Təhsil idarəsinin başçısı Məhin Manafi əyalətdə təhsil sahəsində hakim olan durumun qəbuledilməz olduğunu söyləyib. O, əyalət üzrə bu sahəyə əhəmiyyətli dərəcədə vəsait ayrılmadığını qeyd edib: “Ölkə üzrə şagird başına düşən təhsil sahəsinin ortalama xərci 5,7 olduğu halda, bu, Qərbi Azərbaycanın bir sıra rayonlarında 1,7 təşkil edir”. Bundan başqa, 399 tədris ocağı hələ də konteynerdə yerləşir. Güney Azərbaycanın Zəncan bölgəsində də məktəb çatışmazlığı yaşanır. Əyalətin Məktəblərin Təmiri və Texniki Təchizatı İdarəsinin başçısı Cahangir Səfəri məktəb binalarının çatışmadığını bildirib. O, Zəncan şəhərində 63 məktəbin tikintisinin razılaşdırılmasına baxmayaraq, heç bir iş görülmədiyini söyləyib. Oxşar hadisə Ərdəbil əyalətində müşahidə edilir. Orada 66 məktəb konteynerə yerləşdirilib.
Nəhayət, Güney Azərbaycanda dil, milli mədəniyyət, məktəb binaları xeyriyyəçilərin və fədakar insanların sayəsində qorunur, tikilir. Hakimiyyət isə bu istiqamətdə Güney Azərbaycan üçün maliyyə vəsaiti, demək olar ki, ayırmır. Erməni mənbələrinin bildirdiyinə görə, İranda 50-60 minə yaxın erməni yaşayır. Onların 29 təhsil müəssisəsi, mədəniyyət mərkəzləri var. Hər il erməni müəllimlər təcrübə keçmələri üçün Ermənistana ezam olunur.
Bəs normal şəraitli məktəbi olmayan, öz dilində təhsil almayan, milli-mədəni hüququ hər addımbaşı tapdanan Azərbaycan türkünün İranda fars şovinizminin bayrağı və təsiri altında yaşaması mümkündürmü? Görəsən, ayətullah Əli Xamenei bu məsələyə necə baxır?
“Report” İnformasiya Agentliyi
www.RIA24.az