Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 100 il ötür.
Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov ötən əsrin istedadlı bəstəkarı olaraq dərin dramatizmli əsərlər yaradaraq, milli mədəniyyətimizə yeni nəfəs gətirib. Dünyaca məşhur sənətkarın irsi hər zaman diqqətdədir və tədqiq olunur.
Zəmanəmizin görkəmli bəstəkarı Fikrət Əmirovun bəstəkarlıq sahəsindəki yaradıcılığı, ictimai-siyasi fəaliyyəti geniş və rəngarəngdir. Onun yaradıcılığı çoxmillətli keçmiş ittifaqın hər yerində, dünyanın müxtəlif ölkələrində geniş tanınıb, böyük dinləyici kütləsinin məhəbbət və hörmətini qazanıb.
Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anadan olmasından 100 il ötür.
Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbində təhsil alıb, 1939-cu ildə isə Bakı Konservatoriyasına daxil olub. Burada o, məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.
Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaratdı. Dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı “Şur” simfonik muğamıdır. Sonralar o, bu janrda “Kürd-ovşarı” və “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamlarını da yaratdı. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsidir. O, şifahi ənənəli klassik musiqi janrı olan muğam dəsgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib, orkestr boyalarının əlvanlığına nail olub. Simfonik muğam janrında Fikrət Əmirov iki klassik musiqi janrını muğamı və simfoniyanı üzvü-surətdə qovuşdura bilib. Odur ki, simfonik muğam janrında muğama və simfoniyaya xas olan forma, quruluş, inkişaflı süjet xətti və s. cəhətlər öz əksini tapır. Məhz buna görə də bəstəkarın simfonik muğamları dünyanın müxtəlif ölkələrində səslənib, Niyazi, G.Rojdestreenski, Stokovski, Abendrot və başqa məşhur dirijorlar bu əsərlərin interpretatoru olub. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfonizminin ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.
Onu da qeyd etməliyik ki, Fikrət Əmirovun yaratdığı bu janr digər bəstəkarlar üçün də bir mənbə oldu. Belə ki, ondan sonra Niyazi “Rast”, S.Ələsgərov “Bayatı-Şiraz”, V.Adıgözəlov “Segah”, T.Bakıxanov “Humayun”, “Nəva” və s. simfonik muğamlar yazıblar.
Ümumiyyətlə, bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir. Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir.
Bəstəkarın böyük istedad və yüksək professionallıqla qələmə aldığı əsərlər bu gündə böyük maraq və sevgi ilə dinlənilir. “Sevil” operası, “Ürəkçalanlar”, “Gözün aydın” musiqili komediyaları, “Nəsimi” dastanı, “Min bir gecə”, “Nizami” baletləri, “Azərbaycan süitası”, “Simfonik rəqslər”, “Azərbaycan qravürləri”, fortepiano üçün “12 miniatür” uşaq pyesləri, skripka ilə fortepiano üçün “Muğam poema”, “Sonata” müxtəlif şairlərin sözlərinə bəstələdiyi mahnılar, romanslar və digər əsərlərdə Fikrət Əmirov ecazkar sənət dünyasını yarada bilib. Bu sənət dünyasının əsas qayəsi onun ürəyindən süzülüb gələn gözəl melodiyalardır. Fikrət Əmirov yaradıcılığının əbədiyaşarlığı da həmin gözəl melodiyaların ustalıqla musiqi dilinə çevrilməsidir.
Fikrət Əmirov sənəti daim yüksək qiymətləndirilib. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb. Amma sənətkar üçün ən qiymətli olan amil xalq məhəbbətidir ki, o da heç vaxt Fikrət Əmirov yaradıcılığından əskik olmayıb. Çünki o daim xalq musiqisindən bəhrələnib. Bu mənada bəstəkarın çoxlu sayda xalq mahnıları və rəqsləri əsasında işləmələrini, bu nümunələrdən öz əsərlərində istifadə etməsini misal göstərə bilərik. Bir sözlə, Fikrət Əmirov xalq musiqimizə sadəcə bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb.
Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.
www.RIA24.az