Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində 4 yaşlı qızı döyüb öldürməkdə, meyitini isə quyuya atmaqda ittiham olunan Mehman Mansurovun məhkəməsi davam edir.
Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hadisə baş verən dövrdə Mehman Mansurovun qeyri-rəsmi nikahda olduğu Xəyalə adlı qadının azyaşlı oğlu Vüsal dindirilib.
O bildirib ki, anası Mehman Mansurovdan uşağı aparıb atasına verməsini istəyirdi. Vüsalın sözlərinə görə, Məryəmi Mehman Mansurov döyüb və nəticədə uşaq ölüb.
Mehman Mansurov sözügedən qadının dindirilməsini, onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Məhkəmədə dindirilən Vüsal da anasının yerini bilmədiklərini deyib.
İttihama görə, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyiti yanvarın 31-də quyudan tapılıb. Meyitin üstünə də torpaq tökülüb.
Araşdırma zamanı məlum olub ki, uşağı atası sonuncu dəfə işə gedəndə qonşuluqda yaşayan 32 yaşlı Mehman Mansurovgilə qoyub. Ümumiyyətlə, uşaq tez-tez onlarda qalırmış. Çünki Məryəmin atasıyla anası ayrılıb, uşaq atasında qalıb. Atası Taleh Allahyarov işə gedəndə uşağı qoymağa yer olmadığına görə Mehman Mansurovgilə verirmiş.
Mehman Mansurova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 133.2.4-cü (Əzab vermə) maddələrilə ittiham verilib.
Hadisədən az sonra Məryəmin atası Taleh Allahyarov da həbs olunub. Onun cinayəti ayrıca icraata ayrılıb.
www.102info.az