Mikayıl Oyta: “Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq niyyətindədir” – VİDEO

Siyasət

“Müharibənin ilk günündən doğma Azərbaycanımızın sevinci və ağrısını paylaşdıq”.

Bunu Media.Az-a müsahibəsində Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Mikayıl Oyta bildirib.

Onun sözlərinə görə, hazırda Avstraliyada İran və Azərbaycandan təxminən 30 min azərbaycanlı var.

“Bütün azərbaycanlıları təşkilatımıza qəbul edirik. Dəstəyə ehtiyacı olanlara, xüsusən də bu yaxınlarda gələnlərə bacardığımız qədər kömək edirik. Uzun illərdir burada yaşayan azərbaycanlılar təcrübələrini onlarla bölüşür və uyğunlaşmağa kömək edirlər”.

Mikayıl Oyta Azərbaycanla, Dağlıq Qarabağla bağlı vəziyyətin Avstraliyada diqqətlə izlədiklərini vurğulayıb:

“Vətən uğrunda canlarından keçmiş şəhidlər, Ermənistan ordusunun Gəncə, Bərdə və Tərtərə edilən cinayətkar hücumları barədə xəbərləri göz yaşlarımızla izlədik. Ordumuzun torpaqlarımızı, kəndlərimizi, şəhərlərimizi bir-birinin ardınca azad etdiyini eşidəndə qürur duyduq və sevincdən ağladıq.

Bu məsələləri Avstraliya hökuməti ilə də müzakirə etdik. Federal hökumətin nümayəndələri ilə görüşdə iştirak etdik, iki saat ərzində onlarla Azərbaycanın mövqeyini bölüşdük, Avstraliyada yaşayan ermənilərin separatçıları maliyyələşdirdiyini qeyd etdik, diqqətimizi erməni diasporunun təhdid və təxribatlarına yönəltdik”.

Assosiasiya rəhbəri hazırda ölkədə 15 minə yaxın ermənininin yaşadığını, onların bir çoxunun yerli miqyasda zəngin, nüfuzlu insanlar olduğunu və “Avstraliyanın Erməni Milli Komitəsi” diaspor təşkilatının damı altında birləşdiyini deyib:

“Fonda yığılan pul lobbiçilik üçün istifadə olunur. Məsələn, hökumət səviyyəsində ermənilərin maraqlarını təmin edəcək lazımi parlamentarinin seçilməsinə xərclənir. Ermənilərin bu deputatları qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə gətirməsi halları olub. Məsələn, keçən il belə bir hadisə yaşanıb”.

Mikayıl Oyta Avstraliya federal hökumətinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xatırladaraq, bu parlamentarilərin davranışlarının hökumətin mövqeyinə və milli maraqlarına zidd olduğu üçün qınandığını vurğulayıb.

“Biz həmin vaxt dərhal reaksiya verdik, aksiyalar təşkil etdik, federal hökumətə məktublar yazdıq. Allaha şükür, indi bütün Qarabağ ərazisi Azərbaycanın nəzarətindədir və onun azad edilməsindən çox məmnunuq”, – deyə Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri vurğuladı.

Mikayıl Oyta Azərbaycanın tarixi qələbəsinin erməniləri mənəvi böhrana saldığını qeyd edib:

“Onlar federal hökuməti müharibədə Ermənistana kömək etməməkdə günahlandırmağa başladılar. İndi Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq və onları seçkilərdə dəstəkləməmək niyyətindədirlər”, – deyə o, bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir