İranın gülünc “qırmızı xətt”i: Zülmkar sasani babalarına oxşayan Tehran – ŞƏRH + FOTO

Dünya

İrandakı hakimiyyət iddia edildiyi, təqdim olunduğu qədər müdrik, uzaqgörən deyilmiş.

Bəziləri onu dünya ictimaiyyətinə 2 500 illik dövlətçilik ənənəsi olan sasanilərin davamçısı kimi sırımağa çalışsa da, hadisələr sübut edir ki, bu, təhrifdir. Reallıqla heç bir əlaqəsi yoxdur. Bu, Rüstəm Zalın yenilməz bahadır kimi təqdimatına oxşayır.

Heç sasanilərin rəhbərləri, hətta illər uzunu ədalət rəmzi kimi təqdim olunan Ənuşirəvan da ədalətli və müdrik olmayıb. Bu imperiya müdrik və uzaqgörən olmadığına, zülmkarlığına görə Ömər ibn Xəttabın ordusuna məğlub olub.

İndi islam dini və şiəlik pərdəsi altında gizlənən Tehran hakimiyyəti də öz babalarının davamçısıdır. İran mərkəzli fars düşüncə sisteminin, türkdən düşmən obrazı yaradan “Şahnamə”nin müəllifi Əbülqasim Firdovsinin davamçısı olan bu rejim sasaninin zülmkar hökmdarlarından yaxşılığa doğru bir addım da olsun irəliləməyib…

Azərbaycan torpaqları işğal altında olduğu 30 il ərzində Tehran hakimiyyəti babalarından qalan, Firdovsi ruhunda tərbiyənin bütün özəlliklərini göstərib. Azərbaycan torpaqlarını Ermənistan və havadarlarının işğalından təmizləyəndən sonra İranın regiona yönəlik siyasətinin dəyişəcəyi, daha çox əməkdaşlıq edəcəyi, Cənubi Qafqazda sülhün və əməkdaşlığın yaranmasında maraqlı olacağı gözlənilirdi. Ancaq heç nə dəyişmədi. 2 500 illik kin, hikkə, türk düşmənliyi bu gün də davam edir.

Bu rejim Azərbaycan torpaqları işğal altında olanda Ermənistana yardımlar etməklə yanaşı, onun silahlanmasında fəallıq göstərib. Habelə işğal edilmiş ərazilərdəki azərbaycanlıların yaşayış evlərinin, sosial binaların, o cümlədən məktəb, xəstəxana, tarixi-mədəni abidələrin, məscidlərin dağıdılmasında, talanında ermənilərlə əlbir olub.

Torpaqların azad edilməsindən ötən iki il ərzində də rəsmi Tehran Azərbaycana qarşı qərəzli, riyakar mövqeyini dəyişməyib.

Ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian “Biz Azərbaycan və Ermənistanı İran İslam Respublikasının iki qonşusu hesab edirik. Biz heç vaxt bir tərəflə münasibətlərimizi digər tərəfin hesabına tənzimləmirik” kimi açıqlaması ilə Tehran hakimiyyətinin iç üzünü bir daha göstərib.

Heç kimə sirr deyil ki, İran Ermənistanla Azərbaycan arasında həmişə fərq qoyub. Əks halda 44 günlük müharibə dövründə işğalçının silah və hərbi texnika ilə təmin edilməsində aparıcı rollardan birini oynamazdı.

Otuz il müsəlman torpaqlarının işğalına göz yuman İrandakı teokratik hakimiyyət Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra Ermənistanın suverenliyinin, ərazi bütövlüyünün qorunmasının vacibliyindən danışır, sərhədlərin dəyişdirilməsinin onun üçün “qırmızı xətt” olduğunu qabardır, Zəngəzur dəhlizi məsələsində Azərbaycanı hədələyir.

O zaman sual olunur: İran hakimiyyəti o “qırmızı xətt”i niyə iki ildir elan edir? Suverenlik və ərazi bütövlüyü İran üçün həqiqətən də, qırmızı xətdirsə, onda İran nə üçün illərdir Suriyada, İraqda, Livanda, Yəməndə hibrid müharibə aparıb, həmin ölkələrin suverenliyini təhdid edir? Nədən kiçik Bəhreyni çalxalayır? Niyə Birləşmiş Ərəb Əmirliklərinin üç adasını işğal altında saxlayır?

Axı 1971-ci ildən Birləşmiş Ərəb Əmirliyinin Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adaları İran tərəfindən işğl edilib. Adaların qaytarılması ilə bağlı BƏƏ-nin tələblərini Tehran hakimiyyəti qulaqardına vurur. Əmirliyin beynəlxalq əməkdaşlıq üzrə naziri Rim əl-Haşimi BMT Baş Assambleyasının 77-ci sessiyasında bildirib ki, İran üç adanı işğal edərək ölkəsinin suverenliyini pozub: “Biz İrandan BƏƏ-yə məxsus üç adanın işğalına son verməsini tələb edirik”.

Qeyd edək ki, bu adalar Hörmüz boğazında, Ərəb və Oman körfəzləri arasında yerləşir.

İran hakimiyyətinin əsas dayağı sayılan İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” qoşunlarının Suriya, İraq, Yəmən və başqa bölgələrdə fəaliyyəti ölkələrin suveren hüquqlarının pozulması, yaxud işğalçılıq deyilmi? Bu halda İran hakimiyyətinin “qırmızı xətt”i hara qeyb olur? Xomeyninin “İslam inqilabı doktrinasının transformasiyası” başqa dövlətlərin daxili işinə müdaxilədir. Tehran hakimiyyəti belə məsələlərdə öz “qırmızı xətt”ini gizlədir.

Rusiya Ukrayna ərazilərini ilhaq edəndə, bu ölkədə müharibə aparanda İranın “qırmızı xətt”i görünmədi. İranın ali rəhbəri Xamenei apardığı müharibəyə görə Rusiyaya haqq qazandırır. “The Guardian” hələ oktyabrda Rusiyanın ilhaq etdiyi Krım yarımadasında ən azı İranın 10 hərbçisinin öldüyü barədə məlumat yayıb. İsrailin “Intelli Times” adlı “Twitter” səhifəsi qeyd edib ki, qvardiyanın hücumyönlü pilotsuz uçuş aparatları üzrə 50-yə yaxın təlimatçısı Rusiyanın Cankoydakı bazasında yerləşdirilib.

Ukraynadakı müharibədə işğalı dəstəkləyərək Rusiyanı hərbi texnika ilə təmin edəndə də “qırmızı xətt” görünmədi.

Belə qənaətə gəlmək olar ki, bu “xətt” İran hakimiyyətinin saxtakarlıq və spekulyasiya etməsi üçün alətdir. Çünki Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşmədən, tərəflər arasında münasibətlər normallaşmadan Tehran rejimi hansı prinsiplə “xətt” çəkir? Bu da İran rejiminin zalım və ədalətsiz sasani babalarını xatırladan siyasətinin “təntənə”sidir. Belə deyiblər: “Meyvə ağacın dibindən uzağa düşməz”. Odur ki, İrandakı hakimiyyət 2 500 illik dağıdıcılığı, kin-küdurəti, nifrəti, qərəzi, pisliyi davam etdirir…

“Report” İnformasiya Agentliyi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir