Demək olar ki hər gün ölkə ərazisində, xüsusilə də paytaxt yollarında qəzalar baş verir. Qəzaların böyük əksəriyyəti sürücü və ya piyada səhlənkarlığından, nəqliyyat vasitələrinin nasaz vəziyyətdə olmasından irəli gəlsə də, sükan arxasında əyləşən şəxslərin sağlamlıq durumu da ciddi faktor kimi qiymətləndirilməlidir.
Bir müddət öncə paytaxtda sükan arxasında halı pisləşən xanıma yaxınlıqda xidmət aparan polis əməkdaşları kömək etmişdi. Hətta deyərdim ki, bu hadisədə nəinki həmin sürücüyə digər hərəkət iştirakçıları da baş verə biləcək qəzadan xilas edilib.
Bəs səhhətində ciddi problem olan sürücülərin sükan arxasına keçməsi təhlükəlidirmi? Qanunla insan sağlamlığında sürücülük hüququnun almasına ciddi mane hesab edilən diaqnozlar hansılardır?
Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bununla bağlı ciddi tədbirlərin görülməsi və qurumlar arasında kommunikasiya məsələsinin tənzimlənməsinə xüsusi diqqət ayrılmalıdır:
“Sürücünün sağlamlığı yol hərəkəti təhlükəsizliyi baxımından ən vacib məsələlərdən biridir. Sükan sağlam şəxsə etibar edilməlidir. Hətta bəzi dərman preparatları var ki, təlimatında qeyd olunur ki, onu qəbul edərkən avtomobil idarə etmək olmaz. Zaman-zaman sükan arxasında halı pisləşən, bir anlıq idarəetməni itirən sürücülərin törətdiyi ağır qəzaların da şahidi olmuşuq.
Nazirlər Kabinetinin sağlamlığın sürücü üçün müəyyən etdiyi meyarları var və bu meyarları müəyyən edən aidiyyəti qurumlar sözügedən məlumatları öz fəaliyyətlərində müvafiq sənədlər üzərində görüb müəyyən edə bilir. DİN sürücü ilə bağlı faktiki məlumatları həmin qurumların istifadə etdiyi elektron sistemlər üçün tam şəkildə inteqrasiya etməklə əlçatanlığı təmin edib. Əgər belə ziddiyyətli məqamlar varsa, həmin qurumlar dövlətin ən ali dəyərlərindən biri olan təhlükəsizlik məsələlərinə ciddi yanaşmalı və bu məlumatları maraqlı tərəflərə ötürməlidirlər ki, vaxtında zəruri tədbirlər görülsün”.
Polis mayoru onu da qeyd edib ki, xidmət aparan polisin mövcud zaman çərçivəsində sükan arxasındakı şəxsin sağlamlıq durumunu qanunla müəyyən edilən meyarlar səviyyəsində müəyyən etməsi mümkün deyil, çünki belə bir qərar qəbul etmək səlahiyyəti yalnız aidiyyəti tərəfin sorğusu əsasında mümkün ola bilər:
“Yol polisinin düzgün qərar qəbul etməsi üçün aidiyyəti qurumların sürücülük hüququ olan şəxslərin sağlamlıq durumu ilə bağlı qeydə alınan ciddi dəyişiklikləri mövcud sistemə əlavə etməsi və informasiyanın maraqlı tərəfə ötürülməsi önəmlidir. Yalnız belə olan halda DYP əməkdaşları həmin şəxsin və digər hərəkət iştirakçılarının həyatlarının təhlükəsizliklərini etibarlı şəkildə təmin edə bilərlər.
Əgər bu məlumatlar aidiyyəti üzrə DYP-yə təqdim olunmursa və ya sağlamlıq imkanları düzgün qiymətləndirilmirsə, nəticədə təhlükə mənbəyi olan sürücü sükan arxasında olacaq və qəza baş verdikdən sonra isə istintaq zamanı təqsirə hüquqi qiymət verilərkən əsaslı problemlər yaranacaq. Bu isə çox ciddi problemdir. Hesab edirik ki, belə problemlərin olmaması üçün qurumlararası informasiya mübadiləsində aidiyyəti tərəflər üçün qanunvericilikdə məsuliyyət yaradan normalar müəyyən edilməlidir. Məqsəd isə sağlamlığı sükan arxasına keçməyə imkan verməyən, şəxsin sürücülük hüququnun mədudlaşdırılması vacib olan şəxs və ya şəxslərin sükan arxasına keçməsinin qarşısını almaqdır. Şəxsin sağlamlıq durumuna qiymət verən aidiyyəti tərəflər isə bu proseslərdə peşəkarlıq və məsuliyyətlilik nümayiş etdirməlidir. Əks təqdirdə sonra baş verə biləcək bədbəxt hadisələr zamanı yaşanan peşmançılıq heç nəyi həll etmir. Bir sözlə, lazımi məsələlər düzgün qaydada prosedur qaydası müəyyənləşdirilməklə həll olunmalıdır. Məsələn, bəzi psixoloji, nevroloji və ya digər kəskin tələbləri olan diaqnozlar üzrə əlillik dərəcəsi almış şəxsin sükan arxasında olması heç də sərxoş halda olan sürücüdən az təhlükəli deyil”.
Könül Cəfərli
www.102info.az