Cəlilabad rayonunda orta məktəbə gedən yol bərbad vəziyyətə düşüb.
Bu barədə “Report”a bir qrup rayon sakini məlumat verib.
Onların sözlərinə görə, yoldan keçmək mümkünsüz olub. Buna görə də şagirdlərin məktəbə gediş-gəlişi problemə çevrilib.
Sakinlər deyir ki, qış aylarında bir qədər yağış yağan kimi küçə subasmaya məruz qalır və uşaqları məktəbə piyada aparmaq çətinləşir:
“Ona görə də uşaqları məktəbə məcbur olub maşınla aparırıq. Bu məktəb yenicə inşa edilərək istifadəyə verilib. Amma bu cür məktəbin yolu yoxdur. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, hələ ki müsbət cavab verilməyib”.
Sakinlər vurğulayıb ki, yolda təmir işləri aparılmayacağı təqdirdə övladlarını bu məktəbdən çıxarmaq məcburiyyətində qalacaqlar.
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər ərazi dairəsi nümayəndəliyindən bildirilib ki, sakinlərin problemindən xəbərdardırlar.
Qeyd olunub ki, problem tez bir zamanda tam aradan qaldırılacaq və məsələ həllini tapacaq.
www.102info.az