Qrip kimlər üçün təhlükəlidir? – Nazirlik rəsmisinin MÜSAHİBƏSİ

Cəmiyyət

“Qrip elə bir xəstəlikdir ki, bütün yaş qruplarında rast gəlinir və ona yoluxmaq insanın həyat tərzindən asılıdır. Təmasların sayı çox olarsa, yoluxma ehtimalı da yüksək olur. Risk qrupuna uşaqlar və qocalar, hamilə qadınlar, tibb işçiləri, məktəbəqədər tədris müəssisələrində xidmət göstərən heyət, həmçinin daxili orqanların xroniki xəstəlikləri və yaşından asılı olmayaraq immun çatışmazlığı olan şəxslər daxildirlər”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov qurumun rəsmi saytına müsahibəsində deyib. 

Həmin müsahibəni təqdim edirik:

– Təyyar müəllim, əvvəlcə bilmək istərdik ki, qrip nə dərəcədə təhlükəli virusdur?

– Qrip ağır infeksion xəstəlikdir və onun ağırlığı, təhlükəliliyi fəsadları ilə özünü büruzə verir. Sətəlcəm, bronxit, sinuzit, otit mediası və digər xəstəliklər kimi ciddi fəsadlara səbəb ola biləcək ağır intoksikasiya ilə müşayiət olunur, mövcud xroniki patologiyanın kəskinləşməsinə səbəb olur.

Xəstəliyin ağır gedişinin və fəsadlaşmasının yüksək riski olan qruplar var. Bura hamilə və doğuşdan sonrakı 2 həftəyədək olan zahı qadınlar, 59 ayadək olan körpələr, 5 yaşadək olan uşaqlar, yaşı 65-dən yuxarı olan şəxslər, xroniki xəstəlikləri olan insanlar (ürək, ağciyər, böyrək xəstəlikləri, metabolizm pozuntuları, qaraciyər, qan, nevroloji xəstəliklər) və immuniteti zəif olan şəxslər, həmçinin İİV/QİÇS-ə yoluxmuş, steroid və immunsupressor (iltihab əleyhinə) dərmanlarla müalicə və ya profilaktika alan pasiyentlər aiddirlər.

Ağır xəstələr stasionara yerləşdirilməli və antiviral və antibiotiklərlə daha intensiv terapiya almalıdırlar.

– Hansı yaş qrupunda qripə yoluxma hallarına daha çox rast gəlinir?

– Qrip elə bir xəstəlikdir ki, bütün yaş qruplarında rast gəlinir və ona yoluxmaq insanın həyat tərzindən asılıdır. Təmasların sayı çox olarsa, yoluxma ehtimalı da yüksək olur. Risk qrupuna uşaqlar və qocalar, hamilə qadınlar, tibb işçiləri, məktəbəqədər tədris müəssisələrində xidmət göstərən heyət, həmçinin daxili orqanların xroniki xəstəlikləri və yaşından asılı olmayaraq immun çatışmazlığı olan şəxslər daxildir. Səhiyyə, təhsil, ictimai nəqliyyat və ictimai xidmət işçilərinin də yoluxma riski yüksəkdir.

– Ağır keçən və müalicə olunmayan qripin hansı fəsadları ola bilər?

– Ümumiyyətlə, qripin fəsadları iki qrupa bölünür. Birinci qrupa aid fəsadlar bilavasitə qripin gedişi ilə əlaqədar olur. Bura hemorragik ödemi, meningit, meningoensefalit, toksik şok aiddir. İkinci qrup ağırlaşmalar isə xəstəliyin sonrakı 4-5-ci günündə meydana çıxır və adətən bakterial infeksiyanın qoşulması ilə əlaqədar olur.

Ən təhlükəli və tez-tez baş verən ağırlaşma pnevmoniyadır. Pnevmoniya həm ilkin olaraq, həm də yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra da inkişaf edə bilər. İkincili pnevmoniyaya ən çox səbəb olan bakterial infeksiyalardır (pnevmokok və stafilokok). Belə pnevmoniya xəstəliyin birinci həftəsinin sonunda – ikinci həftənin əvvəlində inkişaf edir.

Qripin digər təhlükəli ağırlaşma kəskin respirator distres sindromudur. Bu ağırlaşmanın fonunda ciddi tənəffüs çatışmazlığı yaranır. Həmçinin qripin ağırlaşmaları otit, sinuzit, qlomerulonefrit, irinli meningit və sepsis kimi ciddi fəsadlara səbəb ola bilər.

– Hamilə qadın qripə yoluxarsa, ilk olaraq nə etməlidir?

– Hamiləlik dövründə immun, tənəffüs və ürək-damar sistemləri əvvəlkindən fərqli işləməyə başlayır. Buna görə də bu zaman qripə yoluxma müəyyən qədər fəsadlı məsələdir. Ən çox rast gəlinən təsirlər vaxtından əvvəl doğuşların olması, çəkisi az olan körpənin doğulmasıdır. Bu, ananın hamiləliyin hansı dövründə qripə yoluxmasından asılıdır. Əgər virusa yoluxma hamiləliyin erkən dövründə, yəni birinci trimestrdə olarsa, müxtəlif anomaliyalar inkişaf edə bilər. Nadir də olsa bu hallar qeydə alınır. Hamilə qadınlar həmin riski nəzərə almalı, qrip mövsümünün aktiv olduğu vaxtlarda insanların çox olduğu yerlərdən uzaq olmalıdırlar. Əks halda arzuolunmaz hallara gətirib çıxara bilər. Bu hal xüsusilə ağır qriplərdə rast gəlinir.

– Xəstəlikdən qorunmaq üçün hansı qidalara üstünlük verilməlidir?

– Payız-qış mövsümündə orqanizmin immuniteti müəyyən qədər aşağı düşür. Bu vaxtlarda xüsusən sağlam qidalar qəbul edilməli, gündəlik rasionda daha çox təzə meyvə-tərəvəz olmalıdır. Bunlar mümkün olmazsa, balanslaşdırılmış polivitamin həblərindən istifadə etmək olar.

– Qripdən qorunmaq üçün insanlar daha çox nəyə diqqət etməlidilər?

– Qripdən, hava-damcı ilə yayılan digər kəskin respirator virus infeksiyalarından qorunma yolları eynidir. Yəni, əllərin tez-tez yuyulması və digər respirator gigiyena qaydalarına əməl etmək, qrip simptomları olan şübhəli şəxsləri təcrid etmək, xəstələrlə sıx təmasdan çəkinmək, sosial məsafəni gözləmək, insanların kütləvi toplaşdığı məkanlarda olmamağı, çirkli əllərlə gözlərə, buruna və ya ağıza toxunmamaq tövsiyə edilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir